Dilimiz və dinimiz bir olan ölkələrin qələbəmizə SUSQUNLUĞU

GÜNDƏM 05 mar 2021, 15:20

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşü həftənin ən vacib hadisələrindən biri oldu. Zirvədə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin mesajları, o cümlədən, toplantının üzv ölkələrlə münasibətlərin daha da inkişafında yeni mərhələ olması diqqət çəkir.

Zirvə görüşünə bir neçə vacib məqam kontekstində baxa bilərik.

Birincisi, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən Regional İnkişaf üçün Əməkdaşlıq olaraq yaradılan, 1985-ci ildə “ECO” olaraq yenidən qurulan təşkilatda Azərbaycan ən fəal üzv və həlledici ölkələrdən birinə çevrilib.

İkincisi, ölkəmiz İƏT çərçivəsində birləşdirici, həmrəylik yaradan oyunçudur.

Üçüncüsü, Azərbaycan prezidenti İlham Əliyev həm ölkəmizin, həm də təşkilata üzv olan digər ölkələrin maraqları istiqamətində addımları ilə diqqət çəkir.

Ölkəmizin İƏT-in lokomotivlərindən birinə çevrilməsi ümummilli lider Heydər Əliyevin bu quruma xüsusi əhəmiyyət verməsi, Prezident İlham Əliyevin təşkilat çərçivəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə həyata keçirdiyi siyasətdir.

Bunun nəticələrini Vətən müharibəsində əyani şəkildə gördük. Türkiyə, Pakistan və Əfqanıstan 2020-ci il sentyabrın 27-dən – müharibə başlandığı dövrdən Azərbaycana birbaşa və açıq şəkildə dəstək verdi.

Qardaş Türkiyənin dəstəyi Prezident İlham Əliyevin dediyi kimi, üçüncü ölkələrin müharibəyə müdaxiləsinin qarşısını aldı, Azərbaycanın Ermənistanla təkbətək qalmasına imkan yaratdı və ordumuz düşməni cəmi 44 gündə məhv etdi.

“Üç millət, tək dövlət” prinsipini irəli sürən Pakistandan da eyni dəstəyi gördük. Haqlı mübarizəmizə sona qədər dəstək verən Pakistan bu gün də Azərbaycanın yanındadır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Kəşmir məsələsi də daxil olmaqla bütün məsələlərdə qardaş, dost Pakistana dəstək verdiyimizi elan etdi.

Əfqanıstan da müharibənin ilk günündən sonuna qədər eyni dəstəyi nümayiş etdirdi.

Təsadüfi deyil ki, Azərbaycan Prezidentini Vətən müharibəsindəki qələbəyə görə ilk olaraq, Türkiyə, Pakistan və Əfqanıstanın rəhbərləri təbrik etdilər. 

Türkiyə Prezidenti Rərəb Tayyip Ərdoğan Vətən müharibəsində qələbəni “dastan qələbə” adlandırdı.

Pakistanın baş naziri İmran Xanın “Xalqımız qələbəni Azərbaycan xalqı ilə birlikdə qeyd etdi” deyə bəyan etdi.

Əfqanıstan Prezidenti Əşrəf Hani Prezident İlham Əliyevə “atanız sağ olsaydı, sizinlə fəxr duyardı” deyə bildirdi.

Azərbaycan dövləti və xalqı bu dəstəyi heç vaxt unutmayacaq. Onu da unutmayacaq ki, İƏT-ə üzv olan digər ölkələr Azərbaycanı təbrik etməkdən çəkindi, laqeyd münasibət göstərdi.

Axı İƏT-in üzvləri təkcə Türkiyə, Azərbaycan, Pakistan və Əfqanıstandan ibarət deyil. 

Təşkilatın 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan.

Bəs, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan hardadır, onlar niyə susdular.

Bu ölkələrin Azərbaycanla tarixi və mənəvi bağları var. İran və Tacikistan müsəlman ölkəsidir, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan müsəlman ölkəsi olmaqla yanaşı, həm də türkdilli ölkələrdir. Bu ölkələr Azərbaycanla birlikdə həm də Türk Konseyində yer alırlar. Bu qədər yaxınlıq, bağlılıq fonunda bu ölkələrin Azərbaycanın 30 ildən sonra torpaqlarını azad etməsinə heç bir reaksiya verməməsi təəssüf doğurur və düşündürür. Səbəb nədir?

Görünür, bu ölkələr hansısa üçüncü qüvvələrin münasibətindən çəkinirlər. Bunu hər-hansı başqa məsələdə bəlkə də anlamaq olardı, lakin apardığımız Vətən müharibəsinə bu ölkələrin laqeyd münasibəti qəbuledilən deyil.

İran İslam ölkəsidir və müsəlman ölkəsi olan Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsinə sevinməli idi, lakin bunu görmək çətindir.

Mərkəzi Asiya ölkələrini türkdilli və İslam dininin hakim olduğu ölkələrdir. Bütün platformalarda Azərbaycanın dəstəyini hiss edən bu ölkələr bu qədər əhəmiyyətli qələbəyə laqeyd qalırlarsa, hansısa üçüncü qüvvələrə seçim etməyə çətinlik çəkirlərsə, bu gələcək münasibətlərə də təsir edə bilər.

Azərbaycan bu həssas məqamı unutmayacaq, Azərbaycan xalqı da qələbəmizə sevinənləri, sevinməyənləri və susmağa üstünlük verənləri heç vaxt unutmayacaq.

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top