Cəlilabadda ana və qıza qarşı dəhşət: Həbsdən çıxan kişi onlara amansızlıq etdi — Şok təfərrüat

KRİMİNAL 04 mar 2021, 10:30
Cəlilabad rayonunda qətl törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yaşar Bayramov məhkəmənin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdiyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 27 avqust 2018-ci il tarixdən etibarən qanuni əsaslarla Cəlilabad rayonun Qarazəncir kəndinin ərazisində uzun müddətli ailəvi görüşə icazə verilməsi ilə əlaqədar həmin kənddə olub.

Yaşar Bayramov qonşuluqda xəstə qızı Sənubər Əsgərova ilə birlikdə yaşayan həmkəndlisi Firuzə Əsgərovanın evinin qarşısından keçən zaman sonuncunun dəvəti ilə həmin evdə olub. Söhbət əsnasında pensiya aldıqları üçün kimsəyə ehtiyacının və pulunu xərcləmək niyyətinin olmamasını deyən Firizə Əsgərovanın evində nağd pul vəsaiti ola biləcəyi qənaətinə gəlib.

O, Firuzə Əsgərovanı və qızı Sənubər Əsgərovanı vahid qəsdlə quldurluqla əlaqədar qəsdən öldürüb, özgənin xeyli miqdarda əmlakını, yəni onlara məxsus xeyli miqdarda pul vəsaitini quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib.

Bu niyyətlə Yaşar Bayramov avqustun 29-da, gecə saat 02 radələrində qabaqcadan qəbul etdiyi spirtli içkinin təsirindən yaranmış sərxoşluq vəziyyətində Firuzə Əsgərova ilə Sənubər Əsgərovanın yaşadığı evin həyətinə gəlib. Həmin vaxt evinin yanında dayanmış Firuzə Əsgərova ilə qarşılaşıb.

Sonuncu onunla salamlaşıb, evə girmək istədikdə cinayətkar niyyətini həyata keçirmək üçün Firuzə Əsgərovanın üzərinə hücum edib.

Yaşar Bayramov yumruğu ilə Firuzə Əsgərovanın sağ qulaq nahiyəsinə bir dəfə bərk zərbə endirib, dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirib.

Firuzə Əsgərova zərbənin təsirindən huşunu itirərək yerə yıxılan zaman səsə həyətə çıxmış Sənubər Əsgərova da onu görüb və evə girib.

Daha sonra Yaşar Bayramov bıçaqla əvvəlcə huşsuz halda olan Firuzə Əsgərovanın köməksiz vəziyyətindən istifadə edərək hər iki qolundan tutaraq sürüyərək evin arxasına aparıb. Orada həmin bıçağı Firuzə Əsgərovanın boğaz nahiyəsinə iki dəfə zərbə endirib, daha sonra boğaz nahiyəsini kəsərək öldürüb.

Daha sonra Yaşar Bayramov evin dəhlizində  döşəyin üzərində uzanaraq ondan etmə deyə aman diləyən psixi xəstə Sənubər Əsgərovanın yalvarışına məhəl qoymayıb. O, döşəməsinin üzərindəki baş yaylığını götürərək Sənubər Əsgərovanın boğaz nahiyəsinə dolayıb, bərk sıxaraq onu boğub.

Daha sonra Yaşar Bayramov Sənubər Əsgərovanın meyitinin üstünü yorğanla örtüb və Firuzə Əsgərovanın meyitini sürüyərək evin qarşısında yerləşən köhnə tikilidə gizlədib.

Bundan sonra evə axtarış apararkən sandığın içərisində 11000 manat məbləğində nağd pul, 188 manat dəyərində qızılı götürək hadisə yerindən qaçıb.

İstintaq orqan tərəfindən Yaşar Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə),120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar Bayramov ömürlük azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Yaşar Bayramov apelyasiya şikayəti verib. O, barəsində olan ömürlük cəzanın müəyyən müddətə cəza növü ilə əvəz olunmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Yaşar Bayramovun şikayəti təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top