Gənclər arasında pul borcu üstündə dava — TƏFƏRRÜAT

KRİMİNAL 10 iyul 2025, 14:41
Astara rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 19-da Astara şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarının yaxınlığındakı dayanacağın arxasında baş verib. Astara rayon sakini, 2008-ci il təvəllüdlü Asim həmin gün, saat 14:30-da tanışı Vəfadar (adlar şərtidir – red.) ilə əl-qolla zarafat etməsi və sonuncunun bunu müsbət qarşılamaması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onun burun nahiyəsinə qəsdən 1 dəfə yumruqla zərbə vurub. 
Hadisəni törədən Asimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2008-ci ildə Astara şəhərində anadan olub, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir: “Zərərçəkmiş şəxsi tanıyıram, əvvəllər aramızda mübahisə olmayıb və qərəzli münasibətimiz yoxdur. Dekabrın 19-da, saat 14:30-da Astara şəhərində yerləşən mərkəzi bazarın yanından keçən zaman onu dayanacağın yanında dayandığını gördüm. Ona yaxınlaşdım və salamlaşaraq həmsöhbət olduq. Zərərçəkmişə borca 20 manat verdiyimdən nə vaxt qaytaracağını soruşdum. O, da pulu olmadığını, verə bilmədiyini deyib. Onun bu sözü məndə qıcıq yaratdı”. 

Müttəhim qeyd edib ki, daha sonra aralarında mübahisə olub: “Əsəbləşərək qəfildən Vəfadarın burun nahiyyəsinə bir yumruq zərbəsi vuraraq ona xəsarət yetirdim. Daha sonra isə bədən nahiyəsinə də bir yumruq zərbəsi vurdum. Həmin vaxt orada Vəfadar və özüm olmuşam, ətrafda heç kim olmayıb. Onun burnundan qan axdığını gördüm və qorxaraq oradan evimə getdim. Üzərindən bir neçə saat keçdikdən sonra polis əməkdaşları gələrək məni polis şöbəsinə dəvət etdilər. Əməlimdən peşman olmuşam, zərərçəkmiş şəxslə barışmışam”.

İş üzrə zərərçəkmiş Vəfadarın sözlərinə görə, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur: “Təqsirləndirilən şəxsi tanıyıram, bir-neçə dəfə birlikdə Cəlilabad rayonunda çiyələk yığımında fəhləlik etmişik. Əvvəllər aramızda mübahisələr olmayıb və  qərəzli münasibətimiz yoxdur”. 

Zərərçəkmiş deyib ki, dekabrın 19-da, saat 14:30-da Astara şəhərində yerləşən mərkəzi bazarın yanındakı dayanacağın yanında dayanıb: “Həmin vaxt tanışım Asim məni görərək yaxınlaşdı. Biz bir qədər həmsöhbət olduqdan sonra mənə borc olaraq verdiyi 20 manatı nə vaxt qaytaracağımı soruşdu. Mən də pulum yoxdur, olan da qaytararam dedim. Asimlə sözlü mübahisələrimiz oldu. Təqsirləndirilən ani aqresivləşdi, gözləmədiyim halda burun nahiyyəmə bir yumruq zərbəsi vurdu. Burnumdan qan axdığını gördükdən sonra Asim oradan getdi. Astara rayon xəstəxanasına aldığım xəsarətlə bağlı müraciət etdim. Orada mənə ilkin tibbi yardım göstərildikdən sonra Astara rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etdim”. 

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. 
Müttəhimin zərərçəkmişlə barışması, ona qarşı olan şikayətini geri götürməsi nəzərə alınıb. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top