Fazil Mustafa: "Bu ideyalar bir-birimizə ötürdüyümüz puldan və nifrətdən daha dəyərlidir..."

GÜNDƏM 27 fev 2021, 10:40
POSTXOCALI VƏ POSTQARAYANVAR DÖVRÜ

Xocalı faciəsinin indiki məqamda əsas təyinatı sadəcə günahsız qətlə yetirilən soydaşlarımızın acısını paylaşdığımızı göstərmək üçün gerçəkləşdirilən rituallar deyil. Biz artıq faciələr yaşamağa alışmış xalqdan qələbə qazanmağı bacarmiş bir xalqa çevrilmişik. Məhz 2021-ci ilin Xocalı anımı bizim öz statusumuzu necə dərk etməmizin bir nümayişidir. 

Unutmayaq ki, xalq nə ənənə ilə, nə də keçmişlə yaşayır. Maarifçilik dövrünün mütəfəkkirləri də haqlı olaraq təsdiqləyirdilər ki, xalq o halda formalaşa və yaşaya bilir ki, gələcəyin ümumi proqramını hazırlayıb mənimsəyə bilsin. Hazırda biz bu proqramı hazırlaya bilməmənin sancısını yaşayırıq.

Böyük fransız alimi Ernest Renan təsadüfən xalqı “güngəlik səsvermə” adlandırmırdı. Yəni demək istəmiş ki, dünəni bir kənara qoyun, bu gün özünüzü necə tanıyırsınızsa, keyfiyyət dəyəriniz də onunla müəyyənləşəcəkdir. Həqiqətən də milli qəlbin dərinliyində hər gün xalqın gələcəyini müəyyənləşdirən məcburi səsvermə gedir. 
Məhz bu “gündəlik səsvermə” formulundan yola çıxarsaq siniflərə, təbəqələrə, peşəkar qruplara bölünən xalq o halda normal həyat yaşayır ki, bu qruplardan hər biri özünü cəmiyyətin bütünü deyil, sadəcə bir hissəsi kimi dərk edir. 

Bəs o halda həmrəyliyi necə yaratmaq mümkündür? Millətin birliyi insanları ümumi iştiraka cəlb edən və adamları canlı tutan hansısa müəssisənin mövcudluğu ilə əlaqəlidir.  Yalnız o halda hamı intizama tabe olmağa və bir-birinə yardım etməyə çalışacaqdır. Hansısa bir qrupda baş verən neqativlər, digərlərində də öz əksini tapır. Cəmiyyətin kompakt, çevik olmasını istəyiriksə, onun bütün mərtəbələrinin canlı olması vacibdir. Cəmiyyətin bir hissəsindən digərinə impulsları ötürmək qabiliyyətini böyük düşüncə adamı Orteqa y Qasset “sosial elastiklik” adlandırırdı. Həmin sosial elastiklik amili savaş dövründə gərgin xarakter daşısa da, dinc dövrdə istənilən sağlam cəmiyyətdə normal səviyyəsini qoruyur.

Buradan da anlaşılır ki, millət bir-biri ilə hesablaşan fərdlərin çoxsaylı cəmiyyətidir. “Bir-biri ilə hesablaşma”nı təmin edən orqanlar sosial institutlardır. Onlar adamlar və qruplar arasında vasitəçiliyi gerçəkləşdirərək tarazlayıcı rolunu oynamaqla milli bütövlüyə gətirən ictimai münasibətləri yumşaldırlar. Bu günün Azərbaycanında defisit olan məhz sosial elastiklikdir. İçdiyimiz suda yetərli səviyyədə olmayan yod xassəli bir elementin azlığına bənzər durum. 

Sosial elastikliyin yetərsizliyini əlbəttə ki, televiziya ekranlarından, yaxud da hökumətin təbliğat mexanizmlərinin statik durumundan sezmək imkansızdır. Əslində sosial şəbəkə bu sosial elastikliyin yetərsizliyinin daha aydın nümayiş olnduğu yerdir. Burada hər qrupun qeydiyyatlı və ya qeydiyyatsız üzvünün dar maraqları üzərindən cəmiyyətin, dövlətin gələcəyinin bədbin tablosunu yaratmağa çalışılır. 

Sosial elastikliyin bərpa olunmasında heç şübhəsiz ki, əsas məsuliyyət yükü mövcud iqtidarın üzərində olsa da, millətin ziyalılıq modusunun aşağı olması da ümidverici proqnozlaşdırmaya imkan vermir. Tarix boyu ehkamçı, əqidəçi, teatral din anlayışına sahib çoxmilyonlu xalqımız tərəfindən aristokratiyanın, fərdi dahilərinin inkişafı hər dövrdə əngəllənib. Axundov Molla İbrahimxəlil kimyagərin yanındakı qələbəliyin qarşısında yalnız qalıb, İsgəndər Şeyx Nəsrullahın çevrəsinə yığışmış qələbəliyə təkbaşına tüpürüb. Hətta zamanın real qəhrəmanı və səlahiyyət sahibi Nadir Şah da gələcəyin sağlam proqramını açıqlayanda da milyonlarla boş qafanın içinə yeni düşüncəni yerləşdirmək istəməyənlərin xəncərinin qurbanına çevrilmişdi. Demək ki, nə  ziyalı sözü ilə, nə də hökmdar yumruğu ilə dəyişmə şansımız tarixin də, bu gün də olmayacaq.  

Ziyalılar düşüncə istehsalçısı olmayan bir xalqın içində “Qarabağda separatçılar qalıb, sülhməramlılar savaşmərəamlılar kimi özünü aparır, terrorçuları oradan necə təmizləyəcəyik, Xocalıda, Xankəndində, Ağdərədə bayrağımız haçan dalğalanacaq, hərbçilərimizin maaşı niyə azaldılıb” kimi soruları soranları da anlamaq mümkündür. Bunlar xalqın gündəlik səsvermədə iştirak etməyən hissəsidir. Onlar ənənə və keçmişlə bu xalqı təmsil edənlərdir. Bu çoxluqdan fərqli olaraq gündəlik səsvermədə iştirak edənlər özləri üçün günün funksiyasını qabiliyyət imkanlarına görə müəyyənləşdirənlərdir. Onlar üçün hər şey bu gündən sabaha doğru yönəlir. Onlar üçün artıq 31 mart soyqırımı da, otuz il öncənin xalq hərəkatı da, Xocalı faciəsi də, hətta aprel döyüşləri də dünəndir. Onlar bugünün qalib insanı kimi düşünməyi yaşamın bir ayrılmaz dəyərinə çevirirlər. 

Biz artıq qalib dövlətin vətəndaşları kimi postxocalı və postqarayanavar dövrünə qədəm qoyduğumuzun fərqində olmadıqca, mərsiyə tavtalogiyasından düşüncə platformasına keçidimizi ləngidəcəyik. Biz 44 günlük savaşda qan intiqamızı layıqincə aldığımıza görə artıq qisasçı xalq obrazdan mobil qurucu xalq obrazına sərt keçid etməliyik. 

Belə bir obrazın təqdimatı üçün bir-birimizə ideyaların, müsbət impulsların ötürülməsini təmin edən sosial elastikliyin yaranması zəruridir. Bir-birimizə ötürdüyümüz puldan və nifrətdən daha dəyərlidir bu ideyalar.

Fazil Mustafa, Millət vəkili (moderator.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top