Deputat: "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"

DAXİLİ SİYASƏT 02 fev 2021, 22:18
Tarixə “Dəmir yumruq” əməliyyatı adı ilə düşən 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. Ermənistan silahlı birləşmələrinin törətdikləri növbəti təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları qısa zaman ərzində gücümüzü nəinki düşmənə, bütün dünyaya göstərdi.

Demokrat.az bildirir ki, bu sözləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün kifayət qədər böyük vaxt keçsə də, nəticə olmadı. Əslində, Azərbaycan sülhsevər dövlət kimi münaqişənin dinc yolla həllinin tərəfdarı idi. Lakin münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun, eləcə də Ermənistan siyasi-hərbi rəhbərliyinin mövqeyi məsələnin hərbi yolla həllini qaçılmaz etdi. “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bunun üçün danışıqlar prosesində maraqlıdır. Lakin bu danışıqlar imitasiya xarakteri daşıya bilməz və Azərbaycan öz torpaqlarını işğalçı Ermənistana bağışlayan deyil. Zaman deyilənləri sübut etdi. Rəşadətli Azərbaycan Ordusu uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad etdi. Azərbaycan Ordusu döyüş meydanında düşmənə ən ağır formada dərs verdi, Ermənistan Ordusu darmadağın edildi. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, Ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı”, - deyən Cavid Osmanov qeyd edib ki, artıq Qarabağ münaqişəsi həll olunub və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi haqqında keçmiş zamanda danışmaq olar. Azərbaycan qalib ölkə olaraq gələcəyə baxır və regionda yeni münasibətlərin qurulmasında maraqlıdır. Təbii ki, Azərbaycan bundan sonra regionda həyata keçirilən bütün layihələrdə qalib ölkə kimi hər bir məsələni diktə edir və edəcək.

Deputat, həmçinin deyib: “Hərbi əməliyyatlar bitdikdən qısa müddət sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva azad olunmuş ərazilərə səfər etdilər. Şuşa səfəri isə öz tarixiliyi ilə yaddaşlarda qaldı. Prezidentin Şuşa səfəri öz tarixi əhəmiyyəti ilə yanaşı, azad olunmuş ərazilərimizdə böyük bərpa-quruculuq işlərinə start verilməsi ilə də əlamətdardır. Müasir standartlara cavab verəcək Füzuli-Şuşa avtomobil yolunun, eyni zamanda, Füzuli rayonu ərazisində Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa-quruculuq işlərinin necə geniş miqyaslı olacağından xəbər verir”.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri planlı şəkildə həyata keçiriləcək. Həmin torpaqlarda reallaşdırılmalı olan ilk iş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesidir. Bərpa işlərinə başlamazdan əvvəl görülməli olan çox vacib işlərdən biri də Ermənistanın işğal nəticəsində ölkəmizə vurduğu ziyanın qiymətləndirilməsidir. Qeyd olunan bütün bu proseslər yekunlaşdıqca bərpa işləri daha geniş vüsət alacaq.

“Yaşayış üçün, ilk növbədə, infrastruktur layihələrinin icra edilməsi nəzərdə tutulur. Təhlükəsiz yerlərdə layihələrin icrasına artıq başlanılıb. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı görülən işlər artıq ölkə ictimaiyyətinə məlumdur. Sonra isə sosial obyektlərin tikilməsi, yaşayış üçün şərait yaradılması, evlərin inşası işləri həyata keçiriləcək. Hesab edirəm ki, sadalanan bütün bu mərhələlər ardıcıl olaraq həyata keçirildikcə bərpa və quruculuq işlərinin miqyası daha da genişlənəcək. Dövlətimizin başçısı da bərpa işlərinin tələsmədən, eyni zamanda, planlı şəkildə, ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edir. İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır. Azərbaycan güclü dövlətdir və bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək”, - deyə deputat vurğulayıb.

Cavid Osmanov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə strukturunun yaradılması onu deməyə əsas verir ki, bərpa prosesi çevik və təxirə salınmadan həyata keçiriləcək. Yeni idarəetmə modelinin tətbiqinə ilk olaraq Şuşada başlanıldı və Prezident İlham Əliyev Şuşa rayonuna xüsusi nümayəndə təyin etdi. “Yüksək və müasir standartlarla həyata keçiriləcək bərpa-quruculuq işləri nəticəsində Şuşa həm regionun, həm də bütün dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Dövlətimizin başçısının vurğuladığı kimi, biz Şuşanı dirçəldəcəyik”, - deyə deputat qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top