Mövcud vaksinlərin ən təhlükəsizi

GÜNDƏM 18 yan 2021, 14:31
Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır.

Bu gündən Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusayoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. 

Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Peyvəndlənmə könüllü olmaqla yanaşı, dövlət hesabına aparılır. 

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Vurğulamaq vacibdir ki, əhalisini ilk vaksinasiya edən ölkələr sırasında yer alan Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini alıb.

Son məlumatlara əsasən, hazırda Azərbaycanla yanaşı, 100-dən çox ölkə “SinoVAC” vaksinini sifariş ediblər. Türkiyə dövləti də  “SinoVAC” vaksininə üstünlük verib və artıq ötən həftə qardaş ölkədə peyvəndlənməyə başlanılıb.

Əldə edilən nəticələrə əsasın, “SinoVAC”-ın effektivlik faizi yüksəkdir-təqribən 97 faiz. Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bir vaksinin minimum 50% effektiv olması yetərli sayılır.

“SinoVAC” vaksininin ümumiləşdirilmiş müsbət göstəticiləri əsasən bunlardır:

· sürətli immun cavab reaksiyası;

· öldürülmüş virus hissəciklərindən istifadə olunması (digər vaksinlərdə orqanizmə virusdan götürülmüş kodlar yeridilir və bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı hələlik məlum deyil);

· vaksinin bir neçə ölkədə kliniki sınaqlardan uğurla keçirilməsi və mənfi təsirlərinin olmaması;

· soyuducuda 2-8 dərəcə temperaturda saxlanılmasının onun daşınmasını asanlaşdırması (Məsələn, "Pfizer" vaksini -70 dərəcədə saxlanılmalıdır).

Beləlikə, göründüyü kimi Azərbaycan mövcud vaksinlərin ən təhlükəsizinə üstünlük verib. Rəsmilərin proqnozuna əsasən, qısa zamanda peyvəndləmənin müsbət təsirini görəcəyik.

Nəticədə Azərbaycan həm də COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacaq.

Elman Babayev
Əməkdar jurnalist


Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top