Dünya çempionu: "Biz idman zallarından daha çox məktəblərin açılmasını tələb etməliyik"

İDMAN 17 yan 2021, 23:08
Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı ilə Azərbaycanda sərt karantin rejimi yumşaldıldı. Bəzi sahələrin fəaliyyətinə icazə verildi. Lakin idman zalları açılmadı və beləliklə, yalnız açıq məkanlarda məşqlər keçmək məsələsi qüvvədə qaldı.
 
Demokrat.az
bu və digər məsələlərlə bağlı karate üzrə dəfələrlə dünya və Avropa çempionu, Əməkdar məşqçi və Əməkdar İdman ustası Arif Məmmədovun fikirlərini öyrənib. 

Dünya çempionu saytımıza açıqlamasında bildirib ki, bu gün idman zallarından daha çox məktəblərin açılmasına ehtiyac var:

“Bu gün idman ictimaiyyətində narazılıqlar var. Həmin şəxslər əsasən Gənclər və İdman Nazirliyindən, TƏBİB-dən narazı qalanlardır. Mən belə başa düşürəm ki, etiraz etmək olar, ancaq bu dərəcədə kəskin etiraz ehtiyac yoxdur. Çünki bu gün koronavirus bütün dünyada yayılıb və bu virus geniş miqyas almaqda davam edir. Belə ki, Operativ Qərargahın son qərarından sonra Azərbaycanda karantin rejimində yumşalmanın olacağı açıqlandı. Təbii ki, iqtisadiyyatın inkişafı və durğunluğun aradan qaldırılması üçün bəzi fəaliyyət sahələrinin açılması lazım idi. Düzdür, idman zallarının açılması ilə bağlı heç bir qərar verilmədi. Mən bunu bir idmançı kimi çox yaxşı başa düşürəm. Birincisi, burada Gənclər və İdman Nazirliyinin hansısa təqsiri yoxdur. Çünki bu məsələ nazirliyin səlahiyyəti çərçivəsində deyil. Bu qərara etiraz edənlər yaxşı olardı ki, daha vacib və İdman nazirliyindən vəzifələri daxilində olan məsələləri tələb etsinlər. O ki qaldı TƏBİB-ə. TƏBİB də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun və pandemiyaya ilə bağlı hazırkı vəziyyəti nəzərə alır və bundan sonra addım atır. Biz idman zallarından daha çox məktəblərin açılmasını tələb etməliyik. Ona görə ki, təhsil daha vacibdir. Bu gün məktəblərin, universitetlərin açılması əsas məsələ kimi öndə olmalıdır. İdmançılar da ilk növbədə biliyə, savada yiyələnməlidir. Bundan sonra idmançının fiziki durumu və digər məsələlər önə çəkilməlidir. Onlayn təhsildən sonra kütləvi şəkildə təhsildən yayınmalar var.  Bu gün məktəblər açılmırsa, biz təhsil əvəzinə idman zallarının açılmasını tələb ediriksə, bu hal yaxşı heç nə vəd etmir. Övladlarımız bizim gələcəyimizdir, onların təhsilli yetişməsi, böyüməsi olduqca vacib məsələdir. Lap indiki halda, zallar açılsa belə, heç bir valideyn uşağını idman zallarına yollamayacaq. Çünki koronavirus bir bəla kimi dünyanı bürüyüb və həyatını, sağlamlıqlarını itirənlər var. Bunların hamısı reallıqdır. Eyni sualı idmançı və məşqçilərə də vermək lazımdır. Sən indiki virusun yayıldığı şəraitdə bir valideyn kimi övladını məşqə, idman zalına buraxarsan? İnanın mənə, həmin məşqçi və ya idmançı öz övladını məşqə getməyə qoymaz. Açığı zalların çoxunun şəraiti yoxdur, ikincisi Azərbaycanda hər məşqdən sonra zalın təmizlənməsi, zala gələnlərin hamısının bir-bir yoxlanılması mexanizmi yoxdur. Lap o qurulsa belə, o qaydalara kimsə əməl etməyəcək. Yəni, idmanın adına xələl gətirmək və kimdən nə istədiyini bilmək vacibdir. Yaxşı olardı ki, səbrli olaq və gedişatı gözləyək. Ölkə bu bəladan tam canını qurtarsın. Təhsil müəssisələri açılsın, daha sonra zalların açılmasına fikir yönəlsin. Yəni, əvvəl təhsil, sonra idman”.

Müsahibimiz onu da əlavə etdi ki, Azərbaycan dünyada idmana xüsusi önəm və dəyər verən azsaylı ölkələrdəndir:

“Bundan başqa, bu gün Azərbaycanda idmana verilən dəyər dünyanın heç bir yerində verilmir. Bu gün qonşu və digər dövlətlərdə idman zalları açıla bilər, lakin bu gün orada pandemiya nə qədər geniş yayıldığının da şahidi oluruq. Həmin idmançılar arasında həyatını itirənlər az deyil. Bəlkə onlar öz ölkələrində bunu tətbiq etməklə uçuruma gedirlər, bizdəmi belə addım atmalıyıq? Həmin ölkələrin idmançılarıdır ki, İrandan, Rusiyadan, Gürcüstandan, lap elə Ukraynadan, uzaq Kubadan və başqa ölkələrdən Azərbaycana gəlib idman karyeralarına davam edirlər. Niyə? Çünki ölkəmiz idmana həmişə yüksək dəyər verib. Ona görə də, idmançılar, məşqçilər dövlətdən, onun qərarlarından narazı olmamalıdırlar. Yəni bu cür hərəkətlər bir az gülüş doğurur. Bir idmançı kimi, məşqçi kimi, rəhbər şəxs kimi görürəm ki, etiraz etmək, narazılıq yaratmaq çıxış yolu deyil. Buna oxşar virus və ya xəstəliklər tarix boyu olub, indi də var. Hansısa qadağalara, məhdudiyyətlətə öyrəşməliyik. Çünki insan həyatından vacib heç nə ola bilməz. Bunun da bir vaxtı var, keçib gedəcək. İndiki halda, yaxşı olar ki, hərə öz evində, açıq məkanda öz məşqini eləsin. Başa düşürəm, hava soyuqdur, ancaq zala yığışıb bu virusun yayılmasına vasitəçi olmaq heç kəsə lazım deyil. Yəni, açıq-aşkar etiraz edib fikrini yeritməklə iş keçmir, hadisələrə daha açıq baxmaq lazımdır. Ağılla-başla fikirləşmək lazımdır".

A.Məmmədov daha bir məsələyə diqqət çəkməyi də vacib sayır:

"Bir məsələni də qeyd etmək istərdim. Bundan heç kim danışmır. Bu gün federasiyalarda olan məşqçilər, idmançılar və işçilər işə çıxmasalar belə öz maaşlarını almağa davam edir. Hətta təhsil sahəsində işləyən məşqçilərimiz var. Orta məktəblərdə idman müəllimi, yaxud da idman məktəblərində məşqçi kimi çalışırlar. Təhsil Nazirliyinin idman idarələri var, orada da işləyən müəllimlərimiz var.  Onlar da öz maaşlarını pandemiya boyu alıblar. Kimlərsə yığılıb indi etiraz edirsə, o şəxslər anlamalıdır ki, mövcud şəraitə uyğunlaşmaq və buna görə addımlar atmaq lazımdır. İdmançıları da, məşqçiləri də çox yaxşı başa düşürəm. Hər iki tərəfin həm maddi, həm mənəvi zərərləri var. Bu pandemiya idmançıların hazırlığına, formalaşmasına ciddi təsir göstərdi. 2020-ci ildə idmançılarımız mötəbər yarışlardan kənarda qaldı. Mən də  çox istərdim ki, zallar açılsın. Ancaq mövcud vəziyyət elədir ki, bütün dünya idmanı belə bir enişlə üzləşib. Amma bunu belə qabartmaq, idman adına ləkə gətirmək gülüncdür. Belə şeylərə baxanlar kənardan deyirlər ki, idmançılar savadsızdır, onların dünya görüşü yoxdur.Bugünkü reallıqla barışmalıyıq. İndi kimlərsə öz mənafeyini güdürsə, hansısa məqsədlərə xidmət edirsə, bunlardan birdəfəlik çəkinmək lazımdır. Biz bu şəraitdə çölə belə maska ilə çıxırıq, qapalı idman zalında məşqlər keçməyin nə mənası var? İstər-istəməz zallar açılsa, idmançılar arasında təmas olacaq və bu xəstəliyin sayını artıra bilər. Təmassız məktəb açmaq isə daha real görünür".
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top