Bakıda polis otağında dava: Qadın tanışına xəsarət yetirdi

HADİSƏ 22 dek 2020, 12:58
Bakının Xəzər rayonunda iki kişiyə qarşı xuliqanlıq etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Dürdanə Xalıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az
-ın xəbərinə görə, Dürdanə Xalıqova Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin inzibati binasında təhqiqatçının xidməti otağında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib.

O, heç bir əsaslı səbəb olmadan qəsdən təpiklə Tural Mayılovu cinsiyət orqanından vurub, ona ağrı sindromu ilə müşayiət olunan xəsarət yetirib.

Bundan başqa, Dürdanə Xalıqova Tural mayılovun dayısı oğlu Taleh Vəliyevi də vuraraq, ona xəsarət yetirib. 

O, habelə 1-ci polis şöbəsinin iş rejiminin 20 dəqiqə pozulmasına səbəb olan hərəkətlər etməklə xuliqanlıq edib.

İstintaq orqanı tərəfindən Dürdanə Xalıqovanın barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dürdanə Xalıqova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, bildirib ki, Turalı təxminən 4 ildir tanıyır: 

“Tural özünə məxsus nəqliyyat vasitəsi ilə mənim sifarişim ilə lazım olan yerlərə aparıb. Bir müddət sonra Turalla münasibətlərim yaxşılaşıb və aramızda ailəvi get-gəllərimiz yaranıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, son vaxtlar Turalın hərəkətləri ona xoş gəlmədiyi üçün onunla münasibətləri kəsmək qərarına gəlib: 

“Tural yanımda olarkən söyüş söydü və özünü yaxşı aparmadı. Həmçinin, Turalın dayısı oğlu Elnura həyətində tikinti işləri görməyi üçün 500 manat verdim. Lakin Elnur tikinti işlərini aparmadığı üçün həmin pulu Turaldan istədim. Elnuru Turalın vasitəsi ilə tanımışam”.

Dürdanə Xalıqova qeyd edib ki, bundan sonra Turalın barəsində Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə müraciət edib: 

“Hadisə baş verən günü 1-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru İman müəllim məni şöbəyə dəvət etdi. Polis şöbəsinə İman müəllimin otağına getdikdə, Turalı və Turalın dayısı oğlu Talehi İman müəllimin otağında gördüm. Turalı gördükdə onun məni təhqir edərək söyməyi yadıma düşdü. Buna görə də özümü cilovlaya bilməyərək ayağım ilə Turalın bud nahiyəsinə bir dəfə təpiklə vurdum. Həmçinin Turalın üstünə qışqıraraq nömrəmi nə üçün başqa şəxslərə verdiyini soruşdum. Səsimizə dəhlizdən polis əməkdaşları gələrək bizi ayırdılar. Hadisə zamanı orada  Tural, Taleh və İman müəllim olub. Mübahisə təxminən 10 dəqiqə davam edib. Həmin vaxt Talehə heç bir xəsarət yetirməmişəm. Lakin belə bir hadisənin baş verməsindən çox təəssüflənirəm, peşmançılıq çəkirəm”.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Dürdanə Xalıqova aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum olunub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top