19 yaşlı şəhidin atası: "Döyüş yoldaşları deyirlər ki, Eltun düşmənə qan uddururdu"

GÜNDƏM 16 dek 2020, 16:05

44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Sumqayıt şəhərindən olan Əliyev Eltun Elnur oğlu da var.

Demokrat.az xəbər verir ki, E.Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub.

O, 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. Eltun cəbhənin Tərtər istiqamətində yerləşən N saylı hərbi hissədə - ön xətdə baş atıcı olaraq xidmət edib. Sərrast atıcılığına görə onun şəkli hərbi hissədə şərəf lövhəsinə vurulmuşdu.

Sentyabrın 27-də Vətən müharibəsinə qatılıb. O, ən şiddətli döyüşlərin getdiyi Füzuli, Cəbrayıl və Suqovuşanda vuruşub. Hamı kimi Eltunun da bir amalı var idi - işğal altında olan torpaqlarımızı yağı düşmənin tapdağından azad etmək. Döyüş yoldaşları deyir ki, təbiətcə sakit insan olan Eltun döyüşlərdə böyük cəsarət, qəhrəmanlıqlar göstərib.

Anası Rima Əliyevanın sözlərinə görə, Eltun uşaqlıqdan zəhmətkeş olub. Özü və həyat yoldaşı xəstə olduqlarına görə, ailəni, demək olar ki, dolandıran balaca Eltun imiş: "Sonuncu dəfə danışanda məndən halallıq istədi. Dedim, oğul, ancaq qələbə ilə geri dön. Mənə dedi ki, sağ-salamat qayıdım, o balaca evimizi qardaşım və mən işləyib böyüdəcəyik".

Atası Elnur Əliyev bildirir ki, dəfn mərasimində Eltunun səngər yoldaşları da iştirak ediblər, onun şücaətindən danışıblar: "Dəfn mərasimində döyüş yoldaşları, komandiri dedi ki, Eltun balaca canı ilə erməniyə qan uddururdu, sərrast atışı hesabına Ordumuz daha da irəliləyirdi. Mən də bundan böyük fəxr duydum. Allah heç bir valideynə bala dağı göstərməsin, Vətən sağ olsun, Eltun kimi şəhid oğullarımızın, qazilərimizin hesabına bu qara ləkəni millətin üstündən silə bildik".

Qardaşı Fərid isə deyir ki, Eltunla yalnız qardaş deyil, həm də dost-sirdaş olublar: "Onunla aramızda cəmi 1 yaş fərqimiz olsa da, demək olar ki, mənə böyüklük edib. Bu balaca evimizi də Eltun alıb. Evi dolandıran ancaq Eltun idi. Telefon dükanında satıcı işləyirdi. Məndən də halallıq istəyəndə sözünü kəsdim. Şəhidlik xəbərini eşidəndə arxam-dayağımın yox olduğunu hiss etdim. İtkisi ağırdır, amma fəxr edirəm ki, mən şəhid Eltunun qardaşıyam".

19 yaşlı E.Əliyev oktyabrın 16-da Suqovuşanda namərd düşmənin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 23-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 15-də Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif olunanlar arasında Eltun Əliyev də var.

Allah rəhmət eləsin!

P.S. Şəhid Eltun Əliyevin ailəsinin imkanı məhduddur. Onlar Sumqayıtın Yaşıl dərə adlanan ərazisində 15 kv-lıq evdə yaşayırlar. Ümid edirik ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti və xeyirxah insanlar şəhidin ailəsinin sosial problemlərinin həllinə dəstək olacaqlar.(report.az)










SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top