Vüqar Rəhimzadə: Xalqımız sabitliyimizin, təhlükəsizliyimizin təminatçılarına daim güvənir


GÜNDƏM 19 noy 2020, 17:25

«2020-ci il tarixə Azərbaycanın şanlı Qələbəsi ili  kimi yazılmaqla yanaşı, COVID-19-la mübarizənin dərinləşdiyi, bu öldürücü virusun insanların sağlamlığını təhdid dövrü kimi də xarakterizə olunacaq. Hər iki cəbhədə mübarizə birliyimizi,  həmrəyliyimizi vacib amil kimi önə çəkərək «Biz birlikdə güclüyük!» çağrışının real həyatda öz əksini tapması ilə diqqət çəkir. Kimliyindən, siyasi əqidəsindən, siyasi mənsubiyyətindən, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs bu birliyə öz töhfəsini verməyə səy göstərir.

 

Hər iki mübarizədə, ümumiyyətlə, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təminatında asayiş keşikçilərinin, təhlükəsizlik orqanları əməkdaşlarının  rolu danılmazdır. Onlar  hər zaman  dövlətimizi, dövlətçiliyimizi, təhlükəsizliyimizi qoruyur, Vətənə,  xalqa xidmət missiyasını şərəflə yerinə yetirirlər.  Necə ki, həkimlərimiz  onlardan şəfa gözləyən xəstələrin qayğısını çəkmək üçün gecəli-gündüzlü fədakarlıq göstərir, eynilə Azərbaycan polisi, təhlükəsizlik orqanlarının əməkdaşları  da  həyatlarını  bütün hallarda  riskə ataraq sabitliyin, təhlükəsizliyin təminatçıları kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gəlirlər.»


Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.


V.Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan, əgər belə demək mümkündürsə, iki cəbhədə müharibə aparır. Hər iki müharibə ilk növbədə ölkədə sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, ayıq-sayıq olmağa çağrışlar edir: «Hər kəs bu reallığın şahidi oldu ki, bu çətin günlərdə dövlətin, xalqın təhlükəsizliyinin təminatı, insanların sabit, təhlükəsiz şəraitdə yaşaması prioritetdir, bu missiyanı yerinə yetirən qurumlar üzərlərinə düşən  vəzifənin öhdəsindən layiqincə gəlirlər. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və müasir iş üslubu olsun.  Ümummilli Liderin bu fikirləri Azərbaycanın hazırkı reallıqlarında öz aydın ifadəsini tapıb. Azərbaycanın dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər. O cümlədən bu gün  Azərbaycan polisi dövlətə və xalqa  sədaqət kimi ali prinsipləri rəhbər tutaraq insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyində ayıq-sayıq dayanır. Onların əməyi hər zaman dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 gün davam edən Vətən müharibəsində  döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun döyüş qabiliyyəti və maddi-texniki təminat baxımından  beynəlxalq standartlara tam  cavab verməsi, təkmilləşməsi istiqamətində  uğurlu  siyasət yürüdən dövlətimizin başçısının həyata keçirdiyi  islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti də yeni müstəviyə yüksəlib. Bu təkmilləşmənin, yeniləşmənin nəticələri istər COVID-19-la mübarizə, istərsə də İkinci Qarabağ müharibəsi  zamanı ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin, sabitliyinin yüksək səviyyədə təmin olunmasında özünü qabarıq şəkildə göstərir. Vətən müharibəsinin gedişində  Azərbaycan sabit, təhlükəsiz ölkə kimi mövqeyini möhkəmləndirməklə yanaşı, tolerant ölkə olduğunu da bir daha təsdiqlədi.  Yeni dövrün tələblərinə  və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönələn islahatlar beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda  həmişə olduğu kimi, 44 gün davam edən Vətən müharibəsi dövründə də sabitliyin təmin olunmasına, beynəlxalq erməni terrorizminə  qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açdı.»


Baş redaktor  diqqəti Azərbaycan polisinin fədakarlığına da yönəldərək bildirib ki, sərt karantin dövründə sosial şəbəkələrdə təqdim olunan videogörüntülərdə asayiş keşikçilərinin insanların qayğıları ilə  yaşayaraq  humanizm prinsiplərinə əsaslanmaqla onlara  necə böyük  dəstək  göstərdikləri öz əksini tapır: «Gündən-günə virusa yoluxanların, həyatını itirənlərin sayının artması məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsini bir zərurətə çevirir ki, bu da öz növbəsində Azərbaycan polisini daha da ayıq-sayıq olmağa çağırır. Bəzi rayonlara gediş-gəlişə qoyulan qadağalar  keçid məntəqələrində polislərin iş funksiyasının gərginliyini artırır.  Polisimiz  virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmasına nəzarət edir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə  müvafiq addımlar atır.  Beləliklə, mübaliğəsiz demək olar ki,  Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanları sırasındadır.”


«Bu gün Azərbaycan şanlı qələbəni qeyd edir» söyləyən baş redaktor bildirib ki, koronavirus infeksiyasının coğrafiyasının genişləndiyi indiki məqamda  Azərbaycan Ordusunun tarix yazması, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etməsi  insanların öz sevinclərini paylaşmaq üçün küçə və meydanlara axışması ilə nəticələnir ki,  bu da hazırkı dövrdə böyük riskdir. Amma Azərbaycan polisi hər kəsin sevincinə şərik olmaqla yanaşı, ictimai asayişi qorumaq üçün üzərinə düşən vəzifəni də layiqincə, heç bir xoşagəlməz hallar yaşanmadan yerinə yetirməyə səy göstərir: «Dövlətimizin başçısı İlham Əliyevin  27 sentyabr 2020-ci il tarixli  Fərmanına uyğun olaraq, hərbi vəziyyətlə  əlaqədar ölkəmizdə  komendant  saatı elan olundu. Bakıda tətbiq edilən komendant saatı ilə əlaqədar paytaxtın müxtəlif ərazilərində polis postları qurulub və asayiş keşikçilərimiz hərbi vəziyyətin tələblərinə uyğun olaraq öz vəzifə səlahiyyətlərini yüksək peşəkarlıqla və vicdanla yerinə yetirirlər.”


Vüqar Rəhimzadə bildirib ki, hazırda işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışla əlaqədar olaraq hazırlıq işləri görülür: “Dövlətimizin, xalqımızın  təhlükəsizliyinin, ictimai asayişin təminatçıları  böyük qürur hissi ilə bu qayıdışa hazırlıq işlərinə öz töhfələrini verməyə səy göstərirlər. Birliyimizin, həmrəyliyimizin sayəsində əldə edilən tarixi Qələbə bir daha  bu reallığı təsdiqlədi ki, xalqın və dövlətin yüksək səviyyədə təhlükəsizliyi mühitinin formalaşması, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.   Xalqımız möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, rəşadətli Azərbaycan Ordusu ilə, həmçinin təhlükəsizliyimizin, sabitliyimizin təmin olunmasında xüsusi rolu olan təhlükəsizlik orqanları və  Azərbaycan polisi ilə  fəxr edir. Birliyimiz yeni-yeni hədəflərə nail olmağımıza, ölkəmizin gələcək inkişafına   daha böyük imkanlar açır.”



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top