İlham Əliyevin iki əsr sonra bizə bəxş etdiyi QƏLƏBƏ

TƏHLİL 13 noy 2020, 12:24

250 il öncə başlanmışdı məğlubiyyət tariximiz. 1747-ci ildə Nadir Şah Əfşarın ölümü ilə Azərbaycan da parçalandı və xanlıqlar dövrü başladı. Çox çəkmədi ki, ölkə iki imperiyanın – Rusiya və İranın arasında bölüşdürüldü. 


1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələri Azərbaycan tarixinin ortasında keçən qara yarıqdır.


Ötən əsrin əvvəlində - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu, müstəqillik böyük uğur olsa da, kövrək idi və cəmi 23 aydan sonra süquta uğradı, yenidən işğal tarixi başlandı. 


70 il gözlədik müstəqil olmaq üçün, 70 ildən sonra müstəqil olsaq da itki ilə başladıq. 20 faiz torpaqlarımız işğal altında düşdü və 30 il gözlədik, gözləməli olduq.


Nəhayət, 30 il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsinə başladı.


Bu dəfə işğalçı Ermənistan tək qaldı, indiyə qədər havadarlıq edənlər arxasından çəkildi və Azərbaycan düşməni əzib keçdi. Bu situasiyanı yetişdirmək üçün Prezident İlham Əliyev 17 il əzmlə çalışıb, bu illər ərzində iqtisadi, siyasi, sosial, hərbi sektorda Azərbaycanı regionun ən güclü dövlətinə çevirib. 


Elə bir dövlət ki, Asiya ilə Avropa arasında körpüdür, Avropanın enerji xəritəsi Bakıda cızılır, regionun, eləcə də dünyanın böyük dövlətləri bizimlə hesablaşırlar.


Bu, İlham Əliyevin memarı olduğu güclü Azərbaycandır. O, Heydər Əliyevin 90-cı illərdə xilas etdiyi dövləti regional gücə çevirməyi bacardı və bunun nəticəsində 30 ildən sonra torpaqlarımızda işğala son qoyuldu, 250 ildən sonra xalq olaraq qələbəni dada bildik.


250 il gözləmişik bu günü və nəhayət o gün gəldi.


27 sentyabr, Vətən müharibəsinin başlandığı gün: Azərbaycan Ordusu düşmənin 30 ildir davam edən işğalını 45 gündə darmadağın etdi.


Düşmənin minlərlə canlı qüvvəsini məhv etdi, yüzlərlə hərbi texnikasını sıradan çıxardı, bir o qədər ələ keçirildi. Ermənistanın 30 illik “güclü ordu” mifi alt-üst oldu. 


Cəmi 45 günə 300-ə yaxın kənd, Qarabağın incisi sayılan, həm tarixi, həm mənəvi dəyəri olan Şuşa da daxil olmaqla 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.


Düşmənə vurulan ağır zərbələr fonunda 8 noyabrda Şuşa, 9 noyabrda 70-dən çox kənd, 8 strateji yüksəkliyin düşməndən təmizlənməsi Ermənistanı diz çökməyə və kapitulyasiyaya məcbur etdi.

 

Şuşanın azad olunması ordumuza bu üstünlükləri verdi - AÇIQLAMA


Noyabrın 9-da Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələnən sənəd imzalandı.


Münaqişənin davam etdiyi illər ərzində müxtəlif həll variantları irəli sürülsə də, lakin heç birində Azərbaycanın maraqları tam təmin edilmirdi. 9 noyabrda imzalanan sənəd isə tarixi qələbədir.


Azərbaycan azad etdiyi bütün mövqeləri saxladı, noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçın azad edilir, erməni qoşunları ərazilərmizdən çıxır. 


Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamlanmasına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Yəni, Azərbaycan vaxt tamam olanda sülhməramlıları çıxara bilmək haqqına sahibdir. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir.


Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu və bu da son 200 ilin ən böyük uğurlarından biridir.

 

Paşinyan bütün cəbhələrdə məğlubdur” - Rusiyalı


Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəzin yaradılmasıdır. Qardaş Türkiyə bu mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.


Tezliklə artıq qaçqın olmayan vətəndaşlarımız öz evlərinə qayıdacaq. Burada ən vacib məqam Dağlıq Qarabağa heç bir statusun verilməməsidir. Bu ərazilərin hər birində Azərbayca bayrağı dalğalanacaq, Azərbaycan qanunları ilə idarə olunacaq. 


Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu yeni reallıqdır və bu reallığın müəllifi Prezident İlham Əliyevdir.


İlham Əliyev sübut etdi ki, Prezident kimi verdiyi bütün vədləri yerinə yetirib. Bundan sonra Prezidentin də dediyi kimi, Azərbaycanın həyatında yeni xoşbəxt dövr başlayır.


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top