Ombudsman: “Məcburi köçkünlərin pozulan hüquq və azadlıqları bərpa edildi”

GÜNDƏM 11 noy 2020, 13:03

Ombudsman Səbinə Əliyeva xalqı müstəqil Azərbaycanın möhtəşəm qələbəsi münasibəti ilə təbrik edib.


Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. 


Təbrik müraciətində deyilir: 


“Əziz xalqımız, hörmətli həmvətənlər!


10 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixində ən parlaq səhifələrdən biridir.


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində uğurlara imza ataraq 30 ilə yaxındır ki, dərin həsrətlə gözlədiyimiz böyük Qələbə sevincini bizə yaşatdı. 


Ermənistanın ölkəmizə təcavüzünün qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin 27 sentyabr tarixindən etibarən sülhə məcburetmə əməliyyatı adlandırılan zəfər yürüşünə başlayan Azərbaycan Ordusu qısa bir dövr ərzində həyata keçirdiyi uğurlu əks hücüm nəticəsində qarşı tərəfin 30 il ərzində böyük məbləğdə vəsait sərf edərək qurmuş olduğu çoxsaylı müdafiə istehkamlarını vurub dağıtdı və onun “yenilməz” hesab etdiyi ordusunu məğlubiyyətə düçar etdi.


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində Azərbaycanın uzun illərdir işğal altında qalan 5 şəhərini, 4 qəsəbəsini, 286 kəndini, çoxsaylı strateji yüksəkliklərini, xüsusilə də Qarabağın incisi, mədəniyyət beşiyi, ölkəmizin qədim tarixə malik şəhərlərindən olan Şuşanı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa etməklə öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Artıq müstəqil dövlətimizin üçrəngli, ay-ulduzlu dövlət bayrağı respublikamızın bütün guşələrində olduğu kimi, Şuşada və işğaldan azad edilmiş digər torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır.


Bu gün bir daha böyük qürur və sevinc hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları birgə Bəyanata əsasən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xalqımızın tarixi qələbəsi ilə son qoyulur. 


Əldə olunan qələbələr Ermənistanı Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarmağa məcbur edir. Ali Baş Komandan eyni zamanda bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi. 


Bütün bunlar qəlbi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlıya sevinc və sonsuz qürur hissi yaşadan möhtərəm Prezidentimizin daxili və xarici siyasəti, müzəffər Ali Baş Komandan kimi rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu həmlələr, Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın müdrik siyasəti və öz mənəvi dəstəyini xalqımızdan əsirgəməyən dost və qardaş ölkələrin  prinsipial mövqeyi nəticəsində mümkün olub.


Şəhidlərimizin qanı bahasına əldə olunmuş möhtəşəm qələbə münasibətilə xalqımızı ürəkdən təbrik edir, torpaqlarımızı Ermənistanın işğalından azad edən bütün əsgərlərimizə bu şərəfli yolda möhkəm cansağlığı, güc-qüvvət diləyirəm!


Müstəqil Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımıza Allah  rəhmət eləsin, yaralılar tezliklə şəfa tapıb öz sağlamlıqlarına qovuşsunlar.


Yaşasın müstəqil Azərbaycan Respublikası! Yaşasın müzəffər Ali Baş Komandan, Birinci vitse-prezident və qüdrətli Azərbaycan Ordusu!


Qarabağ Azərbaycandır!”


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top