Elçin Şıxlı: "Bəzi adamlar mətbuatımızı "sandıq tulası"na çeviriblər" — MÜSAHİBƏ

MÜSAHİBƏ 29 okt 2018, 14:58

“Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Demokrat.Az xəbər portalına müsahibə verib.

 

Həmin müsahibəni oxuculara təqdim edirik:

 

- Elçin bəy, ötən həftə “Realliq.info” saytının baş redaktoru İkram Rəhimov Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun barəsində araşdırmalar aparılır. Bu hadisə ilə bağlı fikirləriniz nədən ibarətdir?


- Bilirsiniz, ümumiyyətlə mən bu insanları tanımıram, onların jurnalist olub-olmamasından xəbərim yoxdur. Amma bu adamlar ayrı-ayrı şəxslərdən reketçilik yolu ilə rüşvət tələb edib və ya alırlarsa, bunun qarşısı mütləq alınmalıdır. Ona görə də mən DTX-nın keçirdiyi bu əməliyyatı alqışlayıram və çox normal qarşılayıram. Çünki əsl jurnalist jurnalistika ilə məşğul olmalıdır. Daha banditliklə yox!

Əgər bu adamların təqsiri faktlarla sübut olunacaqsa və məhkəmə onların doğrudan da quldurluqla məşğul olması barədə qərar çıxaracaqsa, o zaman buna hər kəs normal yanaşmalıdır. İndi bir çox həmkarlarım deyə bilər ki, bəs bu cür adamlar jurnalistika adına ləkədir və sairə. Əlbəttə ki, bu cür hallar ümumiyyətlə olmamalıdır.

Çox təəssüf ki, indi jurnalistika ilə bu sahəyə aid olmayan xeyli sayda adam məşğul olur. Onlar jurnalistikaya varlanmaq, quldurluqla gəlir əldə etmək kimi baxırlar. Təbii ki, bu cür hallara qarşı tədbirlər görülməlidir.

Təəssüflər olsun ki, bu gün özüm də daxil olmaqla jurnalistikamızı elə hala salmışıq ki, indi quldurlar gəlib jurnalistlik edirlər. 


- Azərbaycan Mətbuat Şurası da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan reket sayt rəhbəri İkram Rəhimovla bağlı bəyanat yayıb. Həmin bəyanatda bu cür reket fəaliyyətlər qətiyyətlə pislənilir. Bu bəyanatla tanışsınızmı? 


- Əvvəla, mən onların bəyanatına baxmıram. Çünki Mətbuat Şurası mənim üçün sıfırdan başqa bir şey deyil. Hazırda mənim üçün Mətbuat Şurasının heç bir əhəmiyyəti yoxdur. 
Heyf bizim o zəhmətimizə ki, vaxtilə Mətbuat Şurasını biz yaratdıq. Heyf bizim o beş ilimizə ki, bu qurumun ilk 5 ilində biz jurnalistikanın adını yüksəklərə qaldırırdıq.

Heyf bizim o ideyalara ki, bu ideyalarla indiki Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bizim vaxtilə irəli sürdüyümüz bütün ideyaları bu gün baş-ayaq ediblər. Bunun nəticəsidir ki, Azərbaycan jurnalistikasının məhv edilməsində ən böyük rolu məhz Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu oynayıb. Bu qurumlar jurnalistikamızı məhv edib, indi də yalandan artistlik edirlər. 

Görünür ki, Mətbuat Şurası indi nə isə hiss edir və anlayırlar ki, bu gün-sabah özlərinin də başına oxşar işlər gələ bilər. Ona görə də "torba tikmək" istəyirlər. 
Yenə deyirəm ki, Mətbuat Şurası mənim üçün heç bir əhəmiyyəti olmayan qurumdur. Vaxtilə bu qurumda təmsil olunan adamlardan biri mən idim, Arif Əliyev, Mehman Əliyev, Qulu Məhərrəmli idi. Təbii ki, bu adamların heç biri Mətbuat Şurasını himayə edən şəxslərə sərf etmirdi. Ona görə də bu gün biz orada yoxuq. Yaxşı ki, bu gün mən Mətbuat Şurasında təmsil olunmuram. 

Digər tərəfdən isə Mətbuat Şurasına üzv olmaq könüllü məsələdir. Çox təəssüf ki, indi Mətbuat Şurasını Nazirlik səviyyəsinə qaldırırlar. Yəni, bu gün Mətbuat Şurası öz Nizamnaməsinə uyğun olmayan işlərlə məşğul olur. Halbuki, Nizamnaməyə dəyişikliklər edilməsəydi, sədrlər 4 ildən bir dəyişsəydi, o zaman mətbuatımızın vəziyyətə indiki duruma düşməzdi.

Çox təəssüf ki, həmin vaxtı Mətbuat Şurasının Nizamnaməsinə edilən dəyişikliklərə mən qarşı çıxa bilmədim. Ona görə də vaxtilə Əflatun Amaşovu Mətbuat Şurasına necə sədr seçmişiksə, o, indiyədək bu vəzifədə qalır. Təsəvvür edin ki, Əflatun Amaşov 15 ilə yaxındır ki, Mətbuat Şurasının sədridir. Mətbuatın vəziyyətini düzəltmək üçün də Əflatun Amaşov dəyişməlidir. Yaxud da mən olacaqdımsa, 4 ildən sonra mən dəyişməli idim. Yəni, Mətbuat Şurasının sədri 4 ildən bir dəyişməli idi. Bu dəyişiklik olanda da normal fəaliyyət göstərmək mümkün olacaqdı. Çox təəssüf ki, bu cür səhvlər baş verdi. 

Bu gün Mətbuat Şurası buraxılsa belə, mövcud problemlər həllini tapmayacaq. Bu problemlərdə təkcə Mətbuat Şurasını günahlandırmaq lazım deyil. Çünki ali dövlət mənsəblərində oturan və mətbuatın nə demək olduğunu anlamayan insanlar var. Bu gün həmin adamlar mətbuatı idarə edirlər. Mətbuatımızı da bu kökə məhz onlar salıblar. Onlar mətbuatın gücündən qorxaraq, mətbuatı "sandıq tulası"na çeviriblər. Artıq qarşıya baxmaq lazımdır ki, görək gələcəkdə nə edə biləcəyik.   


- Mətbuatla bağlı keçirilən rəsmi tədbirlərə dəvət edilirsiniz?  


- Xeyr, dəvət gəlmir. Heç belə təşəbbüs də yoxdur. Dəvət gəlsə belə, getmərəm. Bir dəfə KİVDF-nin tədbirinə dəvət edilmişdim. Amma getmədim. Çünki mənim üçün maraqlı deyil. O mühitə düşəndə, özümü pis hiss edirəm. Bu gün KİVDF-nin fəaliyyəti səhv qurulub.

Əgər indiyədək KİVDF-yə ayrılan dövlət vəsaitlərindən düzgün istifadə olunsaydı, bu gün mətbuatımızın problemlərindən danışmazdıq. Sadəcə olaraq, KİVDF lazımsız məsələlərə vəsait sərf edir, ölməli olan qəzetlərə vəsait ayırır. Buna görə də Azərbaycanda qəzet deyilən məfhuma nifrət yaranıb. Bu gün küçədə qəzet oxuyan adam görəsniz, mənə xəbər edin, geib o adamın əllərini sıxacam. 

Anlayıram ki, bu gün texnologiyalar inkişaf edir, hər kəs mətbuatı internet vasitəsilə izləyir və sairə. Amma bu tamam ayrı məsələdir. Bu gün Qərb ölkələrində qəzet oxumaq kübarlıq əlamətidir. Bizdə bu kübarlıq itib. Jurnalistikada, cəmiyyətdə kübarlıq olmayan yerdə heç bir normal məsələdən söhbət açmaq olmaz.  
 

- Bəzən belə fikirlər səsləndirilir ki, reket fəaliyyətlə məşğul olan redaksiyaların əksəriyyəti ilk fəaliyyətə başlayan zaman Azərbaycan Nəşriyyatında otururlar və bu da onlar üçün nəfəslik rolunu oynayır. Olmazmı ki, həmin redaksiyalar Nəşriyyatın binasına buraxılmasın?


- Xeyr, mən bu fikirlə razı deyiləm. Çünki heç kim əvvəlcədən dəqiq bilə bilməz ki, filan qəzet və ya sayt reketçiliklə, yoxsa sırf jurnalistika ilə məşğul olacaq.

Tutalım ki, həmin reket fəaliyyətlə məşöul olan adamları Nəşriyyatdan çıxarsalar, o zaman gedib evdə oturub çalışacaqlar. Yəni, onlar üçün yerin, məkanın heç bir əhəmiyyəti yoxdur. Burada əsas problem jurnalistikamıza bu cür ünsürlərin gəlməsinə şərait yaratmaqdır.


- Bəs bu cür problemlərdən çıxış yolunu nədə görürsünüz? 


- Çıxış yolu çox sadədir. Çıxış yollarını həyata keçirmək üçün gərək kökündən dəyişiklik edəsən. Kökündən dəyişikliyi isə indiki bu adamlarla etmək mümkün deyil. Bunun üçün müəyyən zamana ehtiyac var. Sağlıq olsun, bu cür gedişlə özləri özlərini yeyəcəklər. Yəni, sonra mətbuatımızın vəziyyəti normal olacaq.   


- Hazırda rəhbərlik etdiyiniz qəzetlərin internet saytları fəaliyyət göstərir. Maliyyə problemini həll etmisiniz?    


- "Ayna" 2 ildir ki, işləyir. Digəri isə hələ bir il deyil. İmkanlar hələ geniş deyil, yavaş-yavaş işləyirik. Normal gedir. İnanıram ki, tədricən hər şey qaydasına düşəcək. Hələ ki, reklamımız, maliyyəmiz yoxdur. Dostlar, jurnalistlər könüllülük prinsipi ilə çalışırlar, kənardan yazırlar.  

 
Kənan  
Demokrat.Az 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 noy 2021, 20:23
Top