İtaliyada təhlükəli hesab edilən pendirin satışına görə böyük cərimə tətbiq olunur. Məbləğ 50 min avroya qədər çata bilər.
Demokrat.az xəbər verir ki, Sardiniya adasına məxsus "Casu Marzu" pendiri yenidən gündəmə gəlib.
Məhsulun tərkibində canlı milçək sürfələri olur. Bu səbəbdən onun satışı bir çox ölkədə qadağandır.
Avropa İttifaqının gigiyena standartlarına uyğun gəlməyən məhsulun kommersiya satışı qanunsuz sayılır.
"Casu Marzu" ənənəvi qoyun pendiri əsasında hazırlanır. İstehsal zamanı pendirə milçəklər yumurta qoyur.
Sonradan yaranan sürfələr pendirlə qidalanır. Onların ifraz etdiyi fermentlər məhsulun quruluşunu dəyişir.
Nəticədə pendir daha yumşaq hala gəlir. Yerli ənənəyə görə, məhsul sürfələr canlı ikən yeyilir.
Sürfələrin ölməsi isə məhsulun yararsız sayılması kimi qəbul edilir.
Mütəxəssislər bu pendirin ciddi sağlamlıq riski yaratdığını bildirirlər.
Sürfələrin və milçəklərin mövcudluğu təhlükəli bakteriyaların çoxalmasına səbəb ola bilər.
Bu isə ağır qida zəhərlənməsi riskini artırır.
Bundan əlavə, məhsulda zəhərli kimyəvi maddələr yarana bilər. Həmin maddələr insan orqanizmi üçün təhlükəli hesab olunur.
Ən ciddi risklərdən biri sürfələrin həzm sisteminə daxil olmasıdır.
Bəzi hallarda onlar mədə turşusuna davam gətirə bilirlər. Sonradan bağırsaqlarda problemlər yarana bilər.
Bu vəziyyət iltihablara və parazitar infeksiyalara səbəb ola bilər.
İtaliya hakimiyyəti bu səbəblərə görə məhsulun satışını 1962-ci ildə qadağan edib.
Buna baxmayaraq, bəzi istehsalçılar pendiri qeyri-rəsmi şəkildə hazırlamağa davam edirlər.
Hüquq-mühafizə orqanları qanunsuz satış aşkar etdikdə ciddi cərimələr tətbiq olunur.
Qaydanı pozan şəxslər 50 min avroya qədər cərimələnə bilərlər.
İsmayıl Demokrat.az

