Maraqlı

Qayğanağı daha dadlı etmək hiyləsi

Qayğanağı daha dadlı etmək hiyləsi

Səhər yeməyinin əvəzolunmazı olan qayğanağı daha dadlı etmək üçün bəzi xırda detallara diqqət yetirmək lazımdır. Çox vaxt yumurtaya süd qatılsa da, mütəxəssislər bunun doğru seçim olmadığını bildirirlər.

Demokrat.az xəbər verir ki, qida ekspertlərinin qənaətinə görə, süd yumurtanın təbii dadını itirir, kütləni çox yumşaq və sulu edir. Həmçinin südün tərkibində olan laktoza yüksək temperaturda tez qızardığı üçün xüsusilə qaynar tavada bişən zaman yeməkdən yanıq qoxusu gələ bilər.

Kulinariya mütəxəssisləri son zamanlar süd yerinə feta pendirindən istifadəni məsləhət görürlər. Yunan mətbəxinə aid bu məhsul xüsusi duzlu suda qaldığı üçün zəngin və kremli dada malikdir. Fetanın əsas özəlliyi istiyə davamlı olması və tam əriməməsidir. Tavada qızarkən sadəcə yumşalan pendir xırda hissəciklər şəklində qalaraq yeməyə fərqli dad qatır. Özünəməxsus duzluluğu isə yumurtanın dadını önə çıxarır və əlavə duz vurmağa ehtiyac qoymur. Beləliklə, xırtıldayan tost çörəyi ilə mükəmməl uyğunlaşan yumşaq və fərqli dadı olan səhər yeməyi ortaya çıxır.

Bu məhsul dadlı olmaqla yanaşı, həm də zəngin zülal mənbəyidir. O, əzələlərin, toxumaların və immun sisteminin güclənməsinə kömək edir. Tərkibindəki kalsium, fosfor, sink və B qrupu vitaminləri sümük və diş sağlamlığı üçün faydalıdır. Araşdırmalar göstərir ki, sözügedən pendir bağırsaq mikroflorasına da müsbət təsir göstərir.

Mütəxəssislər bu təamı Aralıq dənizi mətbəxi üslubunda olan pomidor, xiyar, bolqar bibəri və göyərtilərlə bərabər yeməyi tövsiyə edirlər. Çünki tərəvəzlər bədəni əlavə lif və vitaminlərlə təmin edir, həm də pendirin duzluluğunu tarazlaşdırır. Lakin yüksək qan təzyiqi olan və duzlu qidalardan uzaq durmalı şəxslər diqqətli olmalıdırlar. Yağlılığı və duzu yüksək olduğu üçün bu məhsulu normada istehlak etmək lazımdır.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova