TRT 1 ekranlarının uzunömürlü ekran işi olan "Teşkilat" serialı növbəti mövsüm fasiləsinə hazırlaşır. Altıncı mövsümünü geridə qoyan layihə ətrafında son günlər ən çox müzakirə edilən mövzu baş rol ifaçısı Tolga Sarıtaşın komandada qalıb-qalmayacağı idi. Aktyorun müqavilə müddətinin başa çatması onun layihədən ayrılacağı barədə şayiələri alovlandırmışdı.
Demokrat.az bildirir ki, kulisarxası sızan son məlumatlara görə, Tolga Sarıtaş və prodüser şirkəti yeni mövsüm üçün ortaq məxrəcə gələ bilib. Tərəflər arasında əldə olunan razılığa əsasən, uğurlu aktyor yeddinci mövsümdə də layihədə yer alacaq. Bununla da o, ekran işinin tarixində rekord qırmağa hazırlaşır. Belə ki, daha əvvəl baş rolları canlandıran Çağlar Ertuğrul və Murat Yıldırım serialda cəmi iki mövsüm çıxış etdikləri halda, Sarıtaş layihədə üçüncü mövsümünü görən ilk baş rol ifaçısı olacaq.
Aksiyon dolu epizodları ilə tamaşaçıları ekrana kilidləyən serialın yeni mövsümündə heyətdə ciddi dəyişikliklərin olacağı gözlənilir. Baş rol aktrisası Rabia Soytürkün yeni sezonda komandada yer almayacağı dəqiqləşib. Yaxın həftələrdə hekayənin gedişatına uyğun olaraq layihəyə kimlərin vida edəcəyi və komandaya yeni qoşulacaq adlar tam bəlli olacaq.
İsmayıl Demokrat.az

