TKTA mətbuatda yayılan məlumatlara aydınlıq gətirdi

GÜNDƏM 21 oktyabr 2025, 11:54
Təhsildə Keyfiyyət Təminatı Agentliyi mətbuatda yayılmış məlumatlara aydınlıq gətirib.

Demokrat.az
xəbər verir ki, agentliyin açıqlamasında deyilir:

"Məlumat üçün bildiririk ki, 20 oktyabr 2025-ci il tarixində ilkin olaraq  iqtisadiyyat.az saytında və daha sonra ona istinadən bəzi media resurslarında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsinə cəlb edilmiş bir sıra ekspertlərin adları və onlara fəaliyyətləri qarşılığında ödəniləcək xidmət haqqını əks etdirən siyahı dərc edilmişdir. Yalnız TKTA-nın xəbərdarlığından sonra dəqiqləşdirilməmiş məlumatlar əsasında hazırlanmış sözügedən siyahı jurnalistika etikası prinsiplərinə uyğun olaraq əksər internet səhifələrindən çıxarılmışdır.

Bildiririk ki, dərc edilən xəbərin başlığı və təqdimat forması peşəkar jurnalistika prinsiplərinə zidd olmaqla yanaşı, ictimaiyyətdə yanlış təsəvvür yaradacaq şəkildə hazırlanmışdır. Belə ki, siyahıda yalnız ali təhsil müəssisələrinin müəllimləri deyil, həmçinin işəgötürənlərin nümayəndələri və beynəlxalq ekspertlər də yer alır. Bu məlumatların fərdi razılıq olmadan ictimailəşdirilməsi şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin pozulmasıdır.

Bildiririk ki, təhsil müəssisələrinin  akkreditasiya prosesi  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na (bundan sonra Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydalara əsasən, TKTA tərəfindən təşkil edilən komissiyalar akademik müstəvidə təmsil olunan yerli və xarici mütəxəssislər, həmçinin işəgötürən qismində çıxış edən nümayəndələr, eyni zamanda, təhsilalanlardan təşkil olunur. Təhsilalanlar istisna olmaqla, komissiyanın digər üzvləri Qaydaların 2.9-cu maddəsinə əsasən, ödənişli əsaslarla əməkdaşlığa cəlb edilir. Üzvlər əməkdaşlığa cəlb edilməzdən əvvəl onların adları Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilir və müvafiq razılıq əldə edildikdən sonra onlarla müqavilələr bağlanılır.

Təkrarən qeyd edirik ki, TKTA ilə əməkdaşlığa cəlb edilən ekpertlər qanunvericiliyin tələblərinə uyğun olaraq ödənişli əsasda fəaliyyət göstərirlər. Onların vəzifəsi təhsil müəssisələrinin və ya təhsil proqramlarının dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir. Akkreditasiya prosesi illik əsasda təsdiq edilmiş fəaliyyət planına əsasən, müvafiq qrafik üzrə həyata keçirilir və bu işlərin icrası üçün ekspertlərə qanunvericiliklə müəyyən edilmiş məbləğdə xidmət haqqı (vergi və DSMF xərcləri daxil) ödənilir.

Məlumat üçün bildiririk ki, TKTA tərəfindən komissiya üzvlərinin seçilərək əməkdaşlığa cəlb edilməsi üçün onların müəyyən tələblərə cavab verməsi şərtləri mövcuddur. Maraqlanan şəxslər bu tələblərlə aşağıda qeyd edilən keçid vasitəsilə tanış ola bilərlər: https://tkta.edu.az/p/ekspert-telimleri

TKTA şəffaflıq və ictimai hesabatlılıq prinsiplərinə sadiq olmaqla yanaşı, şəxsi məlumatların qorunması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq, konfidensiallığa riayət edir və onların icazəsiz paylaşılmasını qəti şəkildə yolverilməz hesab edir.

TKTA olaraq jurnalist etikası prinsiplərinə və şəxsi məlumatların qorunması qaydalarına hörmətlə yanaşaraq, aidiyyəti media resursları, xüsusilə də oxucular arasında o qədər nüfuza sahib olmayan xəbər saytlarının nümayəndələrini fərdlərin razılığı olmadan məlumatların yayılmaması üçün məsuliyyətli davranmağa dəvət edirik. Həmçinin media nümayəndələrinə bir daha tövsiyə edirik ki, yayılan informasiyanı tirajlamamışdan öncə onun etibarlılığına əmin olsunlar".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top