“Liderlər arasındakı şəxsi münasibətlər bu əməkdaşlığın əsas təməl sütunlarından biridir”

GÜNDƏM 09 oktyabr 2025, 16:48
“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü 2024-cü ilin dekabrın sonundan sonra baş tutacaq ilk yüksək səviyyəli təmas olacaq”.

Bunu politoloq Fərhad Məmmədov Demokrat.az-a açıqlamasında deyib.

O deyib ki, görüş zamanı əsas diqqət ikitərəfli münasibətlərin mövcud vəziyyətinə və gələcək inkişaf perspektivlərinə yönələcək:

“Bu müddət ərzində Azərbaycan-Rusiya münasibətlərində müxtəlif sahələri əhatə edən gərginliklər yaşanıb. Nəzərə almaq lazımdır ki, bu münasibətlərdə liderlər arasında şəxsi əlaqələr mühüm rol oynayır. Təbii ki, iki ölkə arasında institusional əməkdaşlıq mexanizmləri, strateji xarakterli razılaşmalar, iqtisadi, humanitar və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət mövcuddur. Lakin məhz liderlər arasındakı şəxsi münasibətlər bu əməkdaşlığın əsas təməl sütunlarından biridir. Son dövrlərdə bu səviyyədə birbaşa kontaktların olmaması münasibətlərdəki böhranın dərinləşməsinə və genişlənməsinə səbəb olub. Məhz bu baxımdan, görüşün ümumiyyətlə keçirilməsi artıq müsbət bir addım kimi qiymətləndirilə bilər.  Gözləntilər ondan ibarət deyil ki, bütün problemlər dərhal aradan qalxacaq”.

Politoloq əlavə edib ki, ötən dövr ərzində atılmış bəzi addımlar artıq geri dönməz xarakter daşıyır:

“Lakin danışıqlar münasibətlərin yeni forma və məzmunla inkişaf etdirilməsi baxımından potensial imkanlar yarada bilər. Hazırda hər iki tərəfin fərqli gözləntiləri var. Azərbaycanın əsas prioriteti Rusiya tərəfindən saxlanılan təyyarə insidenti ilə bağlı məsələnin həllidir. Rusiyanın isə əsas diqqəti saxlanılan Rusiya vətəndaşlarının taleyinə yönəlib. Bu məsələlərdə hələlik irəliləyiş müşahidə olunmasa da, onların görüşün keçirilməsinə mane olmaması tərəflərin dialoqa açıq olduğunu göstərir. Bu görüş, münasibətlərin normallaşması və gələcək əməkdaşlıq üçün zəmin yaradacaq mümkün addımların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 20:13
Top