"Bu il qışın sərt keçəcəyi gözlənilir" — AÇIQLAMA

GÜNDƏM 09 oktyabr 2025, 19:35
"İqlim dəyişiklikləri artıq elə bir mərhələyə çatıb ki, proqnoz vermək və həmin proqnozun tam dəqiq çıxmasını gözləmək çətinləşib. Qış mövsümü həm sərt, həm də mülayim keçə bilər. Lakin bu yay müşahidə olunan kəskin istilər göstərir ki, qışda müəyyən soyuqların olacağı ehtimalı yüksəkdir".

Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

O bildirib ki, bu soyuqların qısa, yoxsa uzunmüddətli olacağını indidən dəqiq demək mümkün deyil:

"Hazırda iqlimdə 1,5–1,8 dərəcə istiləşmə qeydə alınıb. 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri Konfransında imzalanan Paris İqlim Sazişinə əsasən, ölkələr bu artımın 2 dərəcəni keçməməsi üçün öhdəlik götürüblər və bu istiqamətdə işlər davam etdirilir. Bunun üçün bir sıra tədbirlər həyata keçirilir. Yanacaqdan istifadənin azaldılması və elektrik avtomobillərinə keçid, enerji istehsalında mazut və təbii qazdan istifadənin məhdudlaşdırılması, alternativ mənbələr olan günəş və külək enerjisinə yönəlmə, enerji və su ehtiyatlarına qənaət, suvarmada qənaətli sistemlərə keçid və digər adaptasiya tədbirləri görülür. Bütün bunlar iqlim dəyişikliklərinin təsirlərini yumşaltmağa yönəlib. Azərbaycanın yerləşdiyi coğrafi mövqe nəzərə alınarsa, burada temperaturun mənfi 15–20 dərəcəyə qədər enməsi müşahidə olunmur. Adətən qısa müddət ərzində mənfi 1–3 dərəcə civarında dəyişiklik olur. Ona görə də qışın çox sərt keçəcəyini qəti şəkildə demək düzgün olmaz. Ancaq müəyyən qədər soyuq və qısa müddətli şaxtalı günlərin olacağı gözlənilir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top