Prezidentlərin Düşənbə dialoqu: Azərbaycan Rusiya münasibətləri yeni mərhələdə

GÜNDƏM 09 oktyabr 2025, 19:17
Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin görüşü təkcə iki ölkə münasibətləri baxımından deyil, həm də beynəlxalq diplomatiya tarixində mühüm hadisə kimi yadda qalacaq. Rusiya Prezidenti Vladimir Putinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti açıq şəkildə etiraf etməsi və kompensasiya ödəniləcəyini bəyan etməsi Azərbaycanın dövlət başçısının prinsipial mövqeyi və diplomatik qətiyyətinin nəticəsidir.

Azərbaycan–Rusiya münasibətlərində gərginliyə səbəb olan əsas məsələ məhz bu insident idi. Bakı təyyarə hadisəsinin obyektiv araşdırılmasını, məsuliyyətin etirafını, kompensasiya ödənilməsini və günahkarların cəzalandırılmasını tələb edirdi. Prezident Putinin Düşənbədə səsləndirdiyi açıqlamalar bu şərtlərin faktiki olaraq qəbul olunduğunu göstərdi. O, görüş zamanı açıq şəkildə bildirdi ki, təyyarə məsələsinə görə əvvəlki telefon danışıqları zamanı da Prezident İlham Əliyevdən üzr istəyib. Bu, Azərbaycanın haqlı mövqeyinin qəbul olunmasının göstəricisi idi.

Düşənbə görüşü göstərdi ki, Bakı və Moskva münasibətləri artıq qarşılıqlı inam və praqmatik maraqlar üzərində bərpa olunur. Tərəflər arasında aparılan müzakirələr səmimi və konstruktiv xarakter daşıyır, bu da siyasi etimadın möhkəmlənməsi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyması üçün real zəmin yaradır.

Görüş həm də sübut etdi ki, Azərbaycan–Rusiya münasibətlərinə zərbə vurmaq istəyən qüvvələr – xüsusilə Simonyan, Solovyov, Zatulin kimi ermənipərəst media və siyasi dairələr – öz məqsədlərinə çata bilmədilər. Onların təxribat xarakterli çıxışları faktlar qarşısında tam iflasa uğradı. Prezidentlərin birbaşa dialoqu göstərdi ki, iki ölkə münasibətlərinin təməlini emosional bəyanatlar deyil, qarşılıqlı maraqlar və strateji düşüncə formalaşdırır.

Eyni zamanda, Düşənbə görüşü Azərbaycanın uzun müddətdir diqqət çəkdiyi digər məsələyə – Rusiyada anti-Azərbaycan və ermənipərəst dairələrin fəaliyyətinə də dolayısı ilə cavab oldu. Prezident Putinin çıxışı göstərdi ki, Moskva bu qüvvələrin təsirinə düşməyəcək və iki ölkə arasında dostluq və əməkdaşlıq mühitinin qorunmasında maraqlıdır.

Nəticə etibarilə, Düşənbə görüşü Azərbaycan–Rusiya münasibətlərində yeni diplomatik mərhələnin əsasını qoydu.

Prezident İlham Əliyevin prinsipiallığı və siyasi qətiyyəti bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız regionda sülh və sabitliyin təminatçısı deyil, həm də ədalət və beynəlxalq məsuliyyətin bərqərar olmasına töhfə verən aparıcı dövlətlərdən biridir.

Fərid Şahbazlı
Siyasi şərhçi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 20:13
Top