Tərtərdə kişi keçmiş həyat yoldaşına xəsarət yetirdi

KRİMİNAL 09 oktyabr 2025, 19:02
Tərtər rayonunda 1954-cü il təvəllüdlü Kərim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Nübara (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini Kərim 1958-ci il təvəllüdlü Nübar ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə Kərimin evinə qadın gətirməsi olub.

Belə ki, hadisə günü kişi yaşadığı evdə təmizlik işləri görmək məqsədi ilə Tərtər rayon sakini Qərənfili yaşadığı evə dəvət edib. Qadın isə təmizlik işləri gördükdən sonra həmin evin hamamında duş qəbul etmək istəməsi səbəbindən mübahisə baş verib. 

Mübahisə zamanı təqsirləndirilən şəxs əli ilə keçmiş arvadının sağ qolunun sıxaraq onu kənara itələyib, ona kəllə- beyin travması və digər xəsarətlər yetirib. 

Hadisəni törədən Kərimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Tərtər rayonunun kəndində yaşayır: “Zərərçəkmiş şəxs ilə əvvəllər qeyri-rəsmi münasibətdə olmuşam. Onunla 2013-cü ildə tanış olmuşam. Bir neçə il birlikdə yaşasaq da, 2018-ci il tarixdə Tərtər rayonunun ı kəndində ev tikərək ora köçdük. Həmin dövrdə qadın kənd orta məktəbində işləyib. Onunla münasibətimin pisləşməsinə səbəb 2022-ci ildə yaşadığım evə aldığım çıxarışda onun adının qeyd olunmaması olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş şəxs yaşadıqları evə çıxarış verilərkən evin onun tərəfindən tikildiyinə görə çıxarışda Nübarın adı deyil, onun adı qeyd olunub: “Lakin Nübar çıxarışa onun da adının qeyd olunmasını istədi. Bu səbəbdən də aramızda mübahisələr baş verməyə başladı. Daha sonra münasibətlərimiz tamamilə kəsildi. Əvvəlki həyat yoldaşım vəfat etdiyindən, həmçinin övladlarım Rusiya Federasiyasında yaşadıqlarından Tərtər rayonunda heç bir yaxınım olmayıb. Bu səbəbdən də Tərtər rayonun digər kəndində yaşayan Qərənfil adlı qadın hər dəfədə yaşadığım evə gələrək təmizlik işləri görməsinə, paltarlarımı yumasına görə pul verdim. Qərənfilin gəlməsinə Nübar etiraz etdi. Bu səbəbdən də yaşadığımız evdə yersiz münaqişələr baş verdi”.

Kərim bildirib ki, məlum hadisə günü Qərənfil yaşadığı evə gəlib və evdə təmizlik işləri görüb: “Qadın iş gördüyünə görə üzəri toz oldu. Bu səbəbdən də evin hamamında duş almaq istədi. Qərənfil hamama girmək istəyərkən Nübar onun qarşısını kəsdi, hamamda duş almasına imkan vermədi. Bu səbəbdən də keçmiş arvadımla həmin qadının arasında sözlə mübahisə baş verdi. Mübahisə zamanı Nübar qadının üzərinə getdi və onu vurmaq istədi. Bu zaman Nübarın sağ qolundan tutaraq kənara çəkdim. Daha sonra mübahisə sakitləşdi. Sonra Nübar Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi və mübahisə olması barədə məlumat verdi”. 

İş üzrə zərərçəkmiş Nübarın sözlərinə görə, Kərim onun həyat yoldaşı olub, onunla 2013-cü ildə ailə həyatı qurub: “Lakin aramızda rəsmi nigah bağlanmayıb. Ailə qurduqdan sonra münasibətlərimiz yaxşı olmayıb. Kərimlə birlikdə yaşadığımız dövrdə başqa qadınlarla mənə xəyanət edib. Onunla birlikdə eyni evdə yaşasam da, münasibətim tamamilə kəsilib. 2022-ci ilin əvvəllərində başlayaraq Kərim yaşadığımız evdən məni çıxarmağa çalışıb. Ona həmin evdən çıxmayacağımı demişəm. Lakin Kərim razılaşmayıb və məni evdən çıxarmaq üçün məhkəməyə müraciət edib. Bundan sonra həmin evdə yaşamaq hüququ almaq üçün məhkəməyə müraciət etdim. Kərimlə birlikdə yaşadığımız ev 2013-cü ildə hər ikimizin maddi dəstəyi ilə tikilib. Məhkəməyə etmiş olduğum müraciətlə bağlı Gəncə İnzibati Məhkəməsində araşdırılma aparıldı. Son bir ildə Kərim mənimlə eyni evdə yaşasa da, evə tanımadığım başqa şəxsləri gətirib. Bu səbəbdən də evdə mütəmadi olaraq mübahisələrimiz baş verib. Kərim Qərənfil adlı qadınla qeyri-rəsmi münasibət saxlayıb. Kərim həmin qadını yaşadığımız evə gətirdiyinə görə onunla aramızda mübahisə baş verib”. 

Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü Qərənfil yenə onun yaşadığı evə gəlib: “Qərənfil hamama girərək  duş almaq istədi. Bu səbəbdən ona iradımı bildirdim, hamamda duş almasına icazə vermədim. Bu səbəbdən də Kərim aqresiv şəkildə mənə iradını bildirdi, niyə Qərənfilin hamamda duş almasına icazə verməməyimi soruşdu. Cavabımda ona evin qaz və işıq pulunu verdiyimi, o səbəbdəndə həmin şəxsin hamamda duş almasına icazə verməyəcəyimi dedim. Qərənfil ilə aramızda sözlə mübahisə baş verdi. Həmin vaxt Kərim əli ilə sağ qolumdan tutaraq sıxmağa başladı, sözlə məni hədələdi. Ondan tutduğu qolumu buraxmasını istədim. Bu zaman Kərim məni itələdi, qolumu buraxdı. Sonra boynumdan tutdu və gicgahıma vurdu. Həmin vaxt boynumun arxası hamamın qapısının tininə dəydi. Daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, münaqişə olması barədə məlumat verdim. Həmin vaxt əsəbi olduğuma və bədənimdə ağrılar olmadığına görə yaşadığım ünvana gələn polis əməkdaşlarına münaqişə olması ilə bağlı ərizə verdim. Həmin günü axşamı təqsirləndirilən şəxs əli ilə sıxdığı qolumda ağrılar hiss etdim. Ağrı olan yerə baxarkən qolumun dirsəkdən yuxarı nahiyyəsinin qaraldığını gördüm”. 

Bu cinayət işinə Tərtər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1000 manat miqdarında cərimə edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini xahiş edib. Məhkum edilən şəxs zərərçəkmişlə barışdığını, ona dəymiş ziyanı ödədəyini qeyd edib, barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib. 

Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmədə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəzərə alınıb. Tərtər Rayon Məhkəməsinin hökmü ləğv edilib. Kərimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 20:13
Top