Saatlıda 25 yaşlı oğlan atasını öldürdü, anasını ittiham etdi: “Hər şeyin səbəbkarı...”

KRİMİNAL 08 oktyabr 2025, 19:18
Saatlı rayonunda 2000-ci il təvəllüdlü Rabil Ağayev ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası Ramizi öldürüb. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, qətl hadisəsi ötən ilin iyulun 6-da rayonun Dədə Qorqud kəndində baş verib. 

Kənd sakini Rabil anlaqsız vəziyyətdə həmin gün saat 13:00-dan 15:00-dək olan müddət ərzində kənddə yerləşən yeməkxanalarda tanışı ilə birlikdə spirtli içki qəbul edib.

Daha sonra yüngül dərəcəli alkoqol sərxoşluğu halında birlikdə yaşadığı atası, 1952-ci il təvəllüdlü Ramizin mülkiyyətində olan evinə gəlib. Bu zaman ata-oğul arasında mübahisə yaranıb. 

Mübahisə zamanı oğul atasının onu söyməsindən hiddətlənib. O, qisas almaq niyyəti ilə atasını öldürmək qərarına gəlib. Bu niyyətini reallaşdırmaq məqsədi ilə həmin gün saat 18 radələrində atasının arxasınca həyətə çıxıb və evin həyətyanı sahəsində olan pəncərənin şüşəsinə yumruq vurduqdan sonra qırılmış şüşə parçasını sağ əlinə götürüb və atasına xəsarətlər yetirib. Kişi aldığı xəsarətlərdən ölüb. 

Hadisəni törədən Rabilin barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü evdə olub, yemək yeyib, sonra yatıblar: “Atam evdə yuxarıda yatmışdı. Mən isə aşağı mərtəbədə yatmışdım. Atamın məni qayçı ilə vurmaq istədiyini gördüm. Onun əlindən tutdum və onu çarpayının üstünə yıxdım. Ona başqa heç nə etməmişəm. Sonra həyətə düşdüm, atam da həyətə düşdü. Həyətdə olanda atam mənim boynumun arxasından vurdu. Sonra ayılanda qohumlarım Samirlə Hakimin qapıda qışqırdıqlarını gördüm. Daha sonra atamın boğazını kəsdiyimi bildim. Atamın boğazını kəsdiyim şüşəni həyətimizdə olan balkonun üstündən götürmüşəm. Həmin şüşəni özüm qıraraq əlimdə saxladım. Atam ilə əvvəllər münaqişələrimiz olmayıb. “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkirəm”.

İş üzrə zərərçəkmiş Ramiz Ağayevin hüquqi varisi qismində ifadə verən həyat yoldaşının sözlərinə görə, mərhum Ramiz onun əri, təqsirləndirilən Rahib şəxs isə oğludur: “Oğlum psixi xəstəliklərdən əziyyət çəkir. 2024-cü ilin aprel ayında Rabili Bakı şəhərinə həkimə göndərmişəm. Çünki onun belində ağrılar olub. 2 gün sonra zəng etdi, həkimə növbəyə yazıldığını dedi. Sonra isə telefonunu açmadı. Təxminən 15 gün sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vurdum. Rabilin evdən çıxdığını və geri qayıtmadığını dedim. Bir neçə gün sonra qaynımın oğlu Sadiq Rabilin tapıldığını,  Bakıda polis şöbəsinə getdiyin və orada polislərə “itkin deyiləm ata və anamın yanına qayıtmaq istəmirəm, Bakıda işləyirəm” dediyini bildirdi. Bir neçə gün sonra isə bununla bağlı mənə rəsmi məktub gəldi. Buna görə də artıq polisə müraciətimi dayandırdım. Lakin öyrəndim ki, Rabil Bakıda həmkəndlim Elmanla birlikdə yaşayırdı. Mən xəbərləri Elmandan alırdım, ara-sıra ona Rabili kəndə göndərməsini demişəm”. 
Mərhumun hüquqi varisi qeyd edib ki, daha sonra Rabil evə gəlib və çantasını evə qoyub: “Bizə “gedirəm sizi polisə verəm, çünki siz məni polisə verdiniz” dedi. Daha sonra Rabil bizimlə qonşuluqda olan mərhum qayınatamın evinə getdi. Bir neçə gün orada qaldı. Daha sonra evə geri döndü və evdən çıxmağımızı istədi. Həmin vaxtı Rabil əsəbi olub. Biz də başqa problem olmasın deyə evdən çıxdıq. Mən İmişliyə qardaşım Muxtarın evinə, Ramiz isə qardaşı Rasimgilə getdi. Bu arada Rabil Ramizi polisə verdi ki, guya Ramiz Rabili hədələyir. Mən də gələrək polisə ifadə verdim və Rabilin səhhətinin yerində olmadığını bildirdim. Mən İmişlidə olarkən Ramiz mənə zəng vurdu. Rabilin mal-qaranı da sataraq aradan çıxacağını dedi. Mən də səhəri gün Rasimgilə gəldim. Ramiz də evdə olub. Razılaşdıq ki, 4 heyvandan birini sataq Rabilin kreditlərini ödəyək. Çünki Rabil kreditləri olduğunu demişdi. Rabil ara-sıra Rasimgilə gəlib-getdi, atası ilə mehribanlaşdı. Buna görə də biz bu təklifi düşündük. Səhəri gün axşam Rabil Ramizlə birlikdə heyvanın birini satdılar”. 

Qətlə yetirilən şəxsin həyat yoldaşının sözlərinə görə, hadisə olan günü Rabil Rasimgilə gəlib və Ramizlə söhbət edərək ona evə getməyi təklif edib: “Mən onların mehriban olmasına razı oldum. Çünki onun özünə nəsə etməyindən qorxdum. Lakin Rabil mənim evə gəlməyimə razı olmadı. Mənə dedi ki, sən məni polisə vermisən.  Rabil Ramizi də götürərək evə getdi. Həmin günü mən də Rasimgildə qaldım. Axşam təxminən saat 18 radələrində qaynım oğlu Samir Rasimə zəng vurdu və Rabilin Ramizi öldürmək istədiyini dedim. Hamımız birlikdə qaçaraq evə getdik. Qaynımın arvadları mənim Rabilə tərəf getməyimə icazə vermədilər. Sonra Rabilin Ramizi öldürdüyün bildim. Mən Rabili uzaqdan gördüm. Rabil mənə tərəf qışqıraraq “hər şeyin səbəbkarı sənsən” dedi. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəldilər. Onlar Rabili götürərək apardılar”. 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rabil Ağayevin Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub.
Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Cinayət Məcəlləsinin 93.1.1 və 95.0.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub, ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

 Qərarın icrası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. Həmçinin təqsirləndirilən şəxsin ərazi narkoloji dispenserdə qeydiyyata alınması barədə qərar qəbul edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 20:29
08 oktyabr 2025, 20:11
Top