Xırdalanda ailə dramı: Ər arvadına zorakılıq etdi

KRİMİNAL 08 oktyabr 2025, 17:16
Abşeron rayonunda 1980-ci il təvəllüdlü Seymur ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülərə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 11-də Xırdalan şəhərində baş verib. Seymur həmin gün gecə saat 01:30-da ailə üzvləri ilə  birlikdə yaşadığı “AAAF-Park” yaşayış kompleksində mənzillərdən birində arvadı Gülərin onunla intim əlaqədə olmaq istəməsi təklifindən imtina etməsi səbəbindən əsəbiləşib. 

Bununla bağlı aralarında ailə məişət zəminində yaranmış narazılıqla əlaqədar mübahisə edib və həmin mübahisə əsnasında mobil telefonlarını döşəmənin üzərindən götürmək istəyən arvadının sifət nahiyəsinə bir dəfə qəsdən təpiklə zərbə vurub. 

Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Gülərlə birgə nigahından üç övladı  var: “Bizim münasibətlərimiz daima yaxşı olub. Hadisə günü, gecə saat 01:30-da arvadım ilə kirayədə yaşadığımız evin yataq otağında olan zaman cinsi əlaqədə olmaq istədim. Lakin Gülər bu istəyimə etiraz etdi. Bu səbəbdən onunla  aramızda mübahisə yarandı. Mübahisə zamanı Gülərə məxsus mobil telefonları dolabın üzərindən götürərək döşəmənin üzərinə atdım. O, telefonları götürmək istədikdə isə əsəblərimə hakim ola bilmədim, təpiklə onun sağ göz nahiyyəsinə bir dəfə zərbə endirdim. Sonra isə evdən getdim. Bundan sonra Gülərin Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verməsi mənə məlum oldu”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən zərərçəkən ona qarşı olan şikayətini geri götürüb. 

Hökm elan edən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 18:20
Top