Politoloq: Belə bir dövrdə Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi daha da önəmli hal alır

GÜNDƏM 07 oktyabr 2025, 15:22
“Qəbələdə keçirilən növbəti beynəlxalq sammit Türk dövlətləri arasında inteqrasiya prosesinə ciddi təkan verəcək. Azərbaycanın paytaxt Bakıdan kənardakı bölgələrinin də mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə tam hazır olduğunu bir daha nümayiş etdirəcək”. 

Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib. 

O bildirib ki, Qəbələ əvvəllər də bir sıra beynəlxalq tədbirlərə, idman yarışlarına və summitlərə ev sahibliyi edib:

“Bu rayonun infrastruktur və təbii imkanları onu beynəlxalq tədbirlər üçün ideal məkana çevirir. Təkcə Qəbələ deyil, həmçinin Zaqatala, Şəki, Balakən kimi digər bölgələrimiz də bu potensiala malikdir və gələcəkdə mühüm beynəlxalq forumların keçirilməsi üçün alternativ məkanlar ola bilər. Bu dəfəki sammitin əhəmiyyəti təkcə regional əməkdaşlıqla məhdudlaşmır. Türk dövlətlərinin təhlükəsizlik, enerji və iqtisadi məsələlərdə birgə fəaliyyətini gücləndirmək baxımından bu sammit xüsusi rol oynayacaq. Mövcud geosiyasi gərginlik Rusiya-Ukrayna müharibəsi, ABŞ və İsrailin İrana qarşı mümkün hərbi zərbələri fonunda regionun təhlükəsizlik arxitekturası yenidən formalaşır. Belə bir dövrdə Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi daha da önəmli hal alır”.

O qeyd edib ki, sammitin iştirakçıları arasında Avropa İttifaqının üzvü olan Macarıstan da yer alır:

“Macarıstanın baş naziri Viktor Orban artıq tədbirdə iştirak etmək üçün Azərbaycandadır. Macarıstanın uzun müddət ərzində Avropa İttifaqında veto hüququndan istifadə etməsi, Ukrayna və Moldovanın təşkilata üzvlüyünü ləngitməsi onun siyasi çəkisini artırıb. Bu baxımdan, onun Türk Dövlətləri Təşkilatı tədbirinə qatılması beynəlxalq ictimaiyyətin də diqqətini bu sammitə yönəldir. Azərbaycan isə bu kontekstdə regionun əsas aktorlarından biri kimi çıxış edir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan, həm Avropa, həm Çin, həm də regional ölkələrlə çoxşaxəli əlaqələr quraraq öz mövqeyini möhkəmləndirməkdədir. Qəbələdə keçirilən bu sammit, sadəcə bir tədbir deyil, həm də Türk dünyasının gələcəyi ilə bağlı strateji qərarların qəbul olunacağı bir platformadır. Azərbaycanın dağlıq bölgəsində baş tutacaq bu toplantı, həmçinin ölkəmizin diplomatik gücünün və nüfuzunun artdığını bir daha sübut edir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top