Çirkab suları kanala axıdan "Fərah" cərimə edildi

SOSİAL 07 oktyabr 2025, 15:32
Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana-Südçülük sovxozu ərazisində yerləşən "Fərah" xalçayuma şirkətində pozuntular aşkarlanıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətdə Azərbaycan Respublikası Qanunlarının və digər ekoloji qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədilə nəzarət tədbirləri həyata keçirilib. 

Keçirilən nəzarət tədbirləri zamanı "Fərah" xalçayuma şirkətində formalaşan çirkab və tullantı sularının təyinatsız kanala axıdılması müəyyən edilib. Bu səbəbdən şirkətə barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (İçməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsi ilə ittiham irəli sürülüb və iş məhkəməyə göndərilib. 

Bu maddədə nəzərdə tutulan inzibati xətaya görə, fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.

Məhkəmədə şirkətin nümayəndəsi bildirib ki, həmin kanala qəsəbədə 2000-3000-dən çox evin və müxtəlif obyektlərin tullantı suları axır. Şirkət çirkab suyunun kanala axıdılmasının qanunsuz olduğunu bilmədiklərini və bu barədə ona hər hansı xəbərdarlıq edilmədiyini deyib. 

Məhkəmənin hökmü ilə "Fərah" xalçayuma şirkəti İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 800 manat məbləğində cərimə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top