"Sülh prosesi hələ tam yekunlaşmasa da..." — ŞƏRH

GÜNDƏM 07 oktyabr 2025, 15:07
 “Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair danışıqlarda tərəflər artıq uzun müddətdir ki, mövqelərini xeyli yaxınlaşdırıblar. Əvvəllər bəzi əsas məsələlərdə ciddi fikir ayrılıqları olsa da, indi bu bəndlərin əksəriyyəti üzrə siyasi razılıq əldə olunub”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. 

O bildirib ki, hazırda sadəcə bir-iki bənd üzrə fikir ayrılığı qalmaqdadır:

“Bu mübahisəli məsələlərdən biri Ermənistan Konstitusiyası ilə bağlıdır. Digəri isə Zəngəzur dəhlizindən istifadəyə dair mexanizmlərlə əlaqəlidir. Azərbaycan tərəfi tam və maneəsiz keçid istəyir  yəni ölkə ərazisindən keçərkən heç bir gömrük və ya sərhəd nəzarətinə məruz
qalmadan, sərbəst hərəkət etmək niyyətindədir. Ermənistan isə bu dəhlizdə avtomatlaşdırılmış nəzarət sistemlərinin tətbiqini təklif edir və problem yarandığı halda öz sərhədçilərinin müdaxilə imkanını qorumağa çalışır. Tərəflər bu məsələlərdə də mövqelərini bir-birinə yaxınlaşdırmağa başlayıblar. Əgər iki il öncə bu məsələlərin açıq müzakirəsi belə mümkün deyildisə, bu gün artıq konkret mexanizmlərdən danışılır”.

 Politoloq əlavə edib ki,  digər mühüm amil isə beynəlxalq aktorların bu prosesə təsiridir:

“ABŞ-nın, xüsusilə də Donald Trampın yenidən prosesə maraq göstərməsi bu məsələyə yeni dinamika qata bilər. Həm Azərbaycan, həm də Ermənistan üçün yekun sülh müqaviləsinin imzalanması maraqlıdır. Lakin regional və qlobal geosiyasi şərtlər bu prosesi ləngidə bilər. Paşinyanın son çıxışlarında da müəyyən yumşalma müşahidə olunur. Onun daha çox suverenlik və demokratiya ilə bağlı məsələləri önə çəkməsi, sülh prosesində irəliləyişə şərait yarada bilər. Ermənistan daxilindəki daxili siyasi qüvvələr müxalifət, radikal təşkilatlar və bəzi xarici aktorlar bu prosesə mane olmağa çalışa bilərlər. Azərbaycan isə prosesin qarşısında duran beynəlxalq əngəlləri, xüsusən də Fransa ilə bağlı çətinlikləri neytrallaşdırmağa çalışır. Azərbaycanın məqsədi Fransanın prosesdə destruktiv yox, konstruktiv və sülhə dəstək verən tərəf kimi çıxış etməsidir. Sülh prosesi hələ tam yekunlaşmasa da, tərəflər arasında razılaşdırılmamış bəndlərin sayı azalıb və bu, gələcək üçün nikbinlik yaradır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top