Şagirdlər təkcə Bakıda deyil, bütün bölgələrdə yaxşı təhsil ala bilməlidir — Deputat

GÜNDƏM 12 sentyabr 2025, 17:05
“Azərbaycan təhsilində son illərdə müşahidə olunan inkişaf dinamikası ölkəmizin gələcək inkişafına, intellektual potensialının güclənməsinə xidmət edir. Dövlətin həyata keçirdiyi ardıcıl islahatlar nəticəsində müəllim peşəsinin nüfuzu əhəmiyyətli dərəcədə artmış, bu sahəyə gənclərin marağı yüksəlmişdir. Müəllimlərin əməkhaqlarının artırılması, yeni məktəb binalarının tikilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişlənməsi təhsil sistemimizin keyfiyyətini yüksəldən əsas amillərdəndir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Sevinc Fətəliyeva deyib. O bildirib ki, bütün bu nailiyyətlər fonunda qarşıda duran mühüm məsələlərdən biri də təhsil imkanlarının regionlar üzrə balanslaşdırılmasıdır:

“Yəni yalnız paytaxt və iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində şagirdlərin eyni səviyyədə keyfiyyətli təhsil alması təmin olunmalıdır. Bunun üçün müəllimlərin regionlarda işləməyə təşviq olunması xüsusi əhəmiyyət kəsb edir. Maddi stimullar, karyera imkanlarının genişləndirilməsi və ictimai nüfuzun artırılması bu istiqamətdə effektiv alətlər ola bilər”.



Deputat qeyd edib ki, bu məsələdə yalnız dövlətin mövqeyi deyil, hər bir pedaqoqun öz peşəsinə və işinə məsuliyyətli yanaşması da həlledici rol oynayır:

“Müasir müəllim yalnız bilik ötürən deyil, həm də daim öz üzərində işləyən, informasiya texnologiyalarını mükəmməl bilən, təhsildəki yenilikləri izləyən, fənn üzrə ən yeni metodikaları mənimsəyən, həmçinin şagirdlərin psixologiyasını dərk edən və nəsillərin dəyişən tələblərinə uyğun yanaşa bilən mütəxəssis olmalıdır. Bu gün peşəkar müəllim obrazı həm savad, həm də məsuliyyət nümunəsi kimi formalaşmalıdır.
Nəticə etibarilə, müəllimlərin regionlarda işləməyə təşviqi yalnız dövlətin siyasəti deyil, həm də müəllimin öz peşəsinə münasibəti ilə bağlıdır. Dövlət dəstəyi ilə yanaşı, hər bir pedaqoqun məsuliyyətli mövqeyi ölkənin bütün bölgələrində təhsilin keyfiyyətini yüksəldəcək, gənc nəslin bilik və bacarıqlarını gücləndirəcək, Azərbaycanın davamlı inkişafına xidmət edəcək”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top