"Son vaxtlar Azərbaycanın xarici siyasətində bir neçə əsas istiqamət özünü göstərir".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, bildirib ki, birinci istiqamət, təbii olaraq, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlıdır:
"Qarabağ məsələsinin həllindən sonra tərəflər arasında danışıqların aparılması və qarşılıqlı etimadın bərpa olunması üçün addımlar atılır.
İkinci istiqamət Azərbaycanın beynəlxalq müstəvidə kommunikasiya əlaqələrini dərinləşdirməsi və bu sahədə əməkdaşlığı inkişaf etdirməsidir. Bu istiqamətdə əsas məqsəd nəqliyyat və enerji dəhlizlərinin, o cümlədən “Orta Dəhliz”in imkanlarını genişləndirməkdir".
Politoloq bildirib ki, Azərbaycan həm qonşu, həm də region ölkələri ilə münasibətləri normallaşdırmaq və bu əlaqələri daha da inkişaf etdirmək istiqamətində fəal siyasət həyata keçirir:
"Bu iki istiqamət ölkənin intensiv diplomatiyasının bariz göstəricisidir. Azərbaycan bu sahədə daha aktiv mövqe nümayiş etdirir, beynəlxalq və regional səviyyədə keçirilən tədbirlərdə, konfrans, sammit və forumlarda fəal iştirak edir və bir çoxuna ev sahibliyi edir".
Onun sözlərinə görə, bu fəaliyyətlər Azərbaycanın xarici siyasətinin aktivliyini və səmərəliliyini nümayiş etdirir:
"Görülən işlər gələcəkdə ölkənin beynəlxalq nüfuzunun daha da artmasına zəmin yaradır".
Əfsanə Kamal
Demokrat.az