Ərdoğan və Əliyev bu halda İrəvana gedə bilər — Deputat

GÜNDƏM 28 oktyabr 2025, 15:17
“Düşünürəm ki, Avropa Siyasi Birliyinin sammitinə həm Azərbaycan, həm də Türkiyə prezidentlərinin dəvət olunmasını Ermənistanın xoş addımı, xoş niyyəti kimi qəbul etməliyik. Bu mərhələdə müsbət bir təşəbbüsdə mənfi axtarmaq düzgün olmaz. Bu baxımdan, hadisəni ümumilikdə müsbət qiymətləndirmək lazımdır”.

Bunu Demokrat.az-a millət vəkili Azər Badamov deyib. O bildirib ki, iştirak edib-etməmək məsələsi dövlət başçısının verəcəyi qərardan asılı olacaq:

“Əgər Ermənistan bu zamana qədər nümayiş etdirdiyi müsbət və konstruktiv meyilləri davam etdirərsə, atılan addımlar konkret əmələ çevrilərsə, bu, prosesin reallığını daha da artırar. Xüsusilə də Ermənistanda keçiriləcək seçkilərin sivil və şəffaf şəkildə başa çatması, konstitusiya dəyişikliyi ilə bağlı məsələlərin öz həllini tapması önəmlidir. Bu halda sülh prosesi daha real konturlara qovuşa bilər.

Bu baxımdan Mirzoyanın açıqlaması Paşinyan hökumətinin seçkiqabağı bütün tərəflərlə konstruktiv münasibətlər qurmaq cəhdinin tərkib hissəsi kimi, eyni zamanda Ermənistanın xoş niyyəti kimi başa düşülməlidir.

Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının 2026-cı ildə Ermənistanda, 2028-ci ilin birinci yarısında isə Azərbaycanda keçirilməsi planlaşdırılır, bu prosesdə tərəflərin iştirakının davamı sülh üçün mühüm siqnal ola bilər. Real mənzərə isə Ermənistanın konstruktiv davranışını qorumasından və tərəflərin sülh prosesini pozmamasından asılı olacaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 oktyabr 2025, 16:42
Top