Qonşular arasında mübahisə yumruq davası ilə nəticələndi — TƏFƏRRÜAT

KRİMİNAL 08 sentyabr 2025, 19:56
Bakının Qaradağ rayonunda 52 yaşlı kişi qonşusuna xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 22-də rayonun Qobustan qəsəbəsində baş verib. 

Sabirabad rayon sakini, 1973-cü il təvəllüdlü Dəyanət həmin gün saat 17 radələrində aralarında yaranmış şəxsi mübahisə zamanı Pərvinin sifət nahiyyəsinə yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Dəyanətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Pərvini uzun illərdi tanıyır və onunla hər zaman yaxşı münasibəti olub: “Aprelin 22-də, saat 13:00-da evimdə olan zaman qonşuluqda yaşayan Natiq və Pərvin gəldi. Məndən istifadə etmək üçün çənlərimi istədi. Mən razılıq verəndən sonra Pərvin çənləri götürən zaman ətrafda olan əşyaları və yeri dağıtdı. Buna görə Pərvinə öz iradımı bildirdim. O, isə gələrək ətrafı təmizləyəcəyinə söz verdi. Təxminən saat 17 radələrində Pərvinin gəlmədiyini gördüm və Natiqin evinə getdim. Həmin vaxt Pərvin evin ikinci mərtəbəsində işləyirdi. Pərvinə dağıtdığı əşyaları toplamasını bildirdim. O, isə sərxoş vəziyyətdə ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəblərimə hakim ola bilmədim və bir dəfə yumruqla onun sifət nahiyyəsinə vurdu. Pərvin sərxoş olduğu üçün müvazinətini itirərək yerə yıxıldı”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Pərvinin sözlərinə görə, Qobustan qəsəbəsində nömrəsiz fərdi evdə fəhlə işləyib: “Dəyanəti işlədiyim evin hasar qonşusu kimi tanımışam. Eləcədə onunla yaxşı münasibətlərim olub. Aprelin 22-də fəhlə işlədiyim evin sahibi Natiqlə birlikdə Dəyanətin evinin həyətinə getdik. Oradan olan çənləri istifadə etmək məqsədi ilə işlədiyim evə gətirdik. Çənləri götürən zaman olduğu yeri və yanında olan əşyaları dağıtdım. Buna görə də Dəyanət Natiqə və mənə öz iradını bildirdi. Dağıtdığımız yeri və əşyaları düzəltməyimizi tələb etdi. Lakin işim olduğu üçün həmin vaxt dağıtdığımız yeri və əşyaları düzəltmədim”. 

Zərərçəkmiş qeyd edib ki, həmin günü saat 17 radələrində Natiqin evinin ikinci mərtəbəsində işləyən zaman Dəyanət onun yanına gəlib: “O, dağıtdığım yeri və əşyaları düzəltməyimi tələb etdi. Bu zaman əlimdə işim olduğunu, daha sonra gələrək düzəldəcəyimi bildirdim. Həmin vaxt aramızda sözlə mübahisə baş verdi. Mübahisə zamanı sərxoş olduğum üçün Dəyanətin ünvanına nalayiq ifadə işlətdim. Dəyanət də bu səbəbdən bir dəfə sifət nahiyyəmə vurdu. Zərbədən özümü itirərək yerə yıxıldım”. 

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ona qarşı verdiyi şikayətini geri götürməsini nəzərə alıb. 

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top