Bakıda gənclər arasında qanlı mübahisə — TƏFƏRRÜAT

KRİMİNAL 05 sentyabr 2025, 12:37
Bakının Nərimanov rayonunda iki dostun arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 29-da baş verib. Biləsuvar rayon sakini, 2003-cü il təvəllüdlü Dursun həmin gün saat 20:22-də tanışı Eldar ilə aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edən Dursun bıçaqla Eldarın sol kürək nahiyəsindən bir dəfə qəsdən vurub. 

Hadisəni törədən Dursunun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (ilahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Eldarı qardaşı Elçinin vasitəsi ilə tanıyıb: “Təxminən hadisədən 3-4 il əvvəl Eldarla eyni evdə bir qızın telefonu oğurlandı. Mənim də Eldarla dostluq münasibətim olduğu üçün hərdən həmin evə getmişəm. Həmin qızın evdən telefonu oğurlandığı üçün Eldar polisə bu barədə şikayət etdi. Daha sonra həmin işə ziyanın ödənilməsi nəzərə alınaraq xitam verildi. Bu oğurluğun guya ki, mənim tərəfimdən törədilməsini polis bölməsinə Eldar məlumat verdi. Mən isə bu barədə Eldarın kiçik qardaşına məlumat verdim. O da qardaşını çağıracağını və bu barədə söhbət edəcəyimizi bildirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün Eldarın qardaşı “İnstaqram” sosial şəbəkəsində ona yazıb və görüşə çağırdıb: “Mən də həmin yerə getdim. Həmin vaxt qardaşların əsəbi olduqlarını gördüm və onları sakitləşdirməyə çalışdım.  Bundan sonra bir az yaşadığımız məhəllədən aşağı tərəfə getdik. Zərərçəkmiş şəxs məndən nəyə görə qardaşına elə söz dediyimi soruşdu və üzərimə gedərkən onu itələdim. Bundan sonra Eldar məni yumruqla vurdu. Sonra isə qardaşı məni vurarkən halsızlaşdım. Eldar üstümdə oturaraq yumruqla sifət nahiyyəmə, qardaşı isə bıçaqla baş nahiyyəmdən vurdu. Bundan sonra zərərçəkmiş şəxsin iki dəfə bıçaqla ayağından xəsarət yetirdim”. 

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.

Məhkəmənin hökmü ilə Dursun 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin üzərinə cəza çəkmə müddətində yaşayış yerini axşam saat 20:00-dan səhər saat 09:00-dək tərk etməsi qadağan olunub. 
Onun cəza çəkmə müddətində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi müəyyən edilib. Təqsirli bilinən şəxsin bu müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməsi də qadağan olunub. 

Bundan başqa, təyin olunan cəza müddətində müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcdən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top