“Temu” tətbiqinə görə başlayan mübahisə zorakılıqla bitdi —TƏFƏRRÜAT

KRİMİNAL 04 sentyabr 2025, 14:06
Abşeron rayonunda 27 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 17-də Qobu qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Malik həmin gün saat 12 radələrində arvadı arvadı İlahənin mobil telefon cihazından sosial şəbəkədə istifadə etməsini görüb.

Bununla bağlı arvadına irad bildirib və tərəflər arasında həmin səbəbdən ailə daxili münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. Həmin mübahisə əsnasında kişi arvadına hücum edib və onu vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən məhkum olunan şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs ilə 2022-ci ildə ailə həyatı qurub, həmin evlilikdən bir övladı var: “Evli olduğumuz müddətdə İlahə mobil telefondan az istifadə etməsini bir neçə dəfə bildirmişəm. Bu ilin martın 17-də, saat 12 radələrində İlahənin valideynlərinin Qobu qəsəbəsindəki yaşadıqları evlərinə getdik. Həmin vaxt orada İlahənin mobil telefondan istifadə edərək “Temu” alış-veriş tətbiqinə daxil olduğunu gördüm. Ona bir daha öz iradımı bildirdim. Lakin dediyim iradları qəbul etmək istəmədi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək İlahənin üzərinə getdim və 2-3 dəfə yumruq zərbəsi ilə onun sifət, qol nahiyələrinə, təpiklə isə bir dəfə sağ diz nahiyəsinə vurdum. Həmin vaxt yanımızda olan qaynanam məni sakitləşdirdi. Bundan sonra evdən getdim”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ona qarşı şikayətini geri götürüb. 

Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top