Paytaxtı köçürmək əsaslı həll yolu deyil — Deputat

GÜNDƏM 08 sentyabr 2025, 11:05
“Artıq yeni tədris ilinin başlaması ilə əlaqədar tələbələrin paytaxt Bakıya axını başlayıb. Bu isə, onsuz da nəqliyyat sıxlığı yaşayan Bakıda, tıxac problemini daha da artırır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, tıxacın tək səbəbi tələbələrin qayıdışı və ya tədrisin başlaması deyil:



“Paytaxtda çoxlu yeni çoxmərtəbəli binaların tikilməsi, bir çox binalarda parklama meydançalarının olmaması və yaxud az tutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında parklaması, xüsusilə Bakıda bitib-tükənməyən təmir-tikinti işlərinin aparılması, nəqliyyat axınının düzgün təşkil edilməməsi, sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi tıxacların əsas səbəbləridir.
Demək olar ki, mütəmadi olaraq yol infrastrukturunun qaydaya salınması, sıxlığın azaldılması istiqamətində müəyyən işlər görülür. Lakin görünən odur ki, bütün bu tədbirlər gözlənilən effekti vermir”.

Deputat deyib ki, Bakının yükünün azaldılması üçün paytaxt dəyişikliyi də əsaslı həll deyil:

“Bunun üçün ciddi vəsait tələb olunacaq. Doğrudur, dünya təcrübəsinə baxanda bunun baş verdiyini görürük, amma müxtəlif səbəblərdən. Düşünürəm ki, Bakıda tıxacın qarşısını almaq üçün dəniz üzərindən sürətli marşrut katerlərinin hərəkətini təşkil etmək olar. Həmçinin iş saatlarının tənzimlənməsi də bu sahədə müəyyən effekt verə bilər.

Əgər regionların inkişafı təmin olunsa, paytaxtda sıxlıq da azalar. Avtomatik olaraq bölgələrə qayıdanlar çoxalar, şəhərdə avtomobil sayı da azalar. Digər çıxış yolu bəzi zavod-fabriklərin, bəzi dövlət idarələrinin regionlara köçürülməsidir. Bu, eyni zamanda regionların inkişafına da ciddi dəstək olacaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 15:15
08 sentyabr 2025, 14:13
Top