Sumqayıtda kişi keçmiş həyat yoldaşını döydü

KRİMİNAL 04 sentyabr 2025, 13:33
Sumqayıt şəhərində 35 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 17-də baş verib. Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Xəlil həmin gün səhər saat 07:30-da yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı keçmiş həyat yoldaşı Zərrini döyüb. 

Hadisəni törədən Xəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun keçmiş arvadıdır: “Zərri ilə 2014-cü ildə rəsmi olaraq ailə həyatı qurmuşuq. Birgə nigahımızdan iki övladımız var. Zərri ilə aramızda bir neçə vaxtdır ailə-məişət münasibətləri zəminində mübahisələr baş verib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Sumqayıt şəhər məhkəməsinin qərarına əsasən 2023-cü ilin yanvar ayından rəsmi olaraq boşanıblar: “Boşansaq da bir ünvanda yaşayırıq. Mən ailəmin saxlanılması üçün hər bir maddi köməklik göstərirəm. Hadisə günü saat 7 radələrində gözətçi işlədiyim yerdə olan zaman Zərri işdən sonra mənim hansısa qadınla münasibət saxladığımı düşünərək oraya gəldi. Zərrinin məndən xəbərsiz gəldiyi üçün çıxaraq getməsini tələb etdim. Zərri mənə heç bir söz deməyərək getdi. Mən işdən sonra evə getdim. Onun iş yerimə gəlməsi səbəbindən aramızda mübahisə yarandı. Zərri kobud cavab qaytardıqda əsəbləşdim və ona bir dəfə əl zərbəsi ilə sol üz nahiyyəsinə vurdum. İtələyərək evdən getdim”. 

Zərərçəkmiş Zərrinin sözlərinə görə,  Xəlillə 2023-cü ildə rəsmi olaraq boşanıblar: “Boşanmağımıza baxmayaraq getməyə yerim olmadığı üçün bir ünvanda yaşadıq. Hadisə günü, saat 7 radələrində Xəlilin işdən sonra hansı qadının evinə getməsini bilmək üçün işlədiyi 76-cı məhəllə ərazisində yerləşən iş yerinə getdim. Xəlil onun iş yerinə gəldiyimi gördü və mənimlə mübahisə etdi. Bundan sonra evə gəldim. Xəlil evə gələrək işlərinə qarışmamağımı tələb etdi. Mən qazandığı pulu başqa qadınlara xərcləməkdənsə övladlarına xərcləməsini bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Xəlil əl zərbələri ilə başımdan, üzümdən vuraraq evdən getdi. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək hadisə barədə  məlumat verdim”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvanı tərk etməsi qadağan olunub. 

Bundan əlavə onun Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxması yasaqlanıb. Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini əyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top