Azərbaycanda güclü zəlzələ olacaq? — Seysmoloqdan AÇIQLAMA

GÜNDƏM 28 avqust 2025, 17:31
"Azərbaycan ərazisində xüsusilə xırda təbiətli zəlzələlər tarixən olub və olacaq da. Zəlzələlərin baş verməsi coğrafi mövqeyimizlə bağlıdır".

Bunu Demokrat.az-a açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.

O, bildirib ki, Azərbaycanda "zəlzələ" dedikdə, insanların ağlına tez-tez Türkiyədə baş vermiş faciələr gəlir:

"Ancaq oradakı dağıntıların əsas səbəbi böyük zəlzələ deyil, tikintiyə məsuliyyətsiz yanaşma və standartlara uyğun olmayan binalar olmuşdur. Yaponiyada isə belə bir zəlzələ baş versəydi, tikinti normal olduğu üçün tələfat minimuma enərdi".

Seysmoloq bildirib ki, normal ölkələrdə tikinti sənayesi orta səviyyədə olsa da, Bakıda vəziyyət nisbətən yaxşıdır:

"Buradakı tikinti təşkilatları və nəzarətçilər şəhərdə yaşayır, buna görə də zəlzələnin yaratdığı riskləri yaxşı bilir və buna uyğun tədbirlər görürlər. Ona görə də, əgər tikinti normal səviyyədədirsə, zəlzələ ciddi qorxu yaratmamalıdır. Tək-tək köhnə və ya zəif tikilmiş evlər istisna təşkil edə bilər, amma ümumi təşvişə düşmək üçün əsas yoxdur".

Onun sözlərinə görə, heç bir elmi cihaz və ya metod hələlik zəlzələləri dəqiq proqnozlaşdırmağa imkan vermir:

"Dünyada güclü ölkələr milyonlarla dollar xərcləsələr də, zəlzələni əvvəlcədən dəqiq bilmək mümkün deyil. Zəlzələnin təbii olaraq baş verəcəyini yalnız bəzi heyvanlar əvvəlcədən hiss edə bilir.
Bakı şəhərində isə tarixi baxımdan böyük zəlzələlər olmamışdır və inşallah gələcəkdə də böyük risk gözlənilmir. Xırda zəlzələlər isə, əgər tikinti normaldırsa, ciddi təhlükə yaratmır".

Qeyd edək ki, ötən gün Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb və təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında hiss olunduğuna görə, bu, cəmiyyətdə daha güclü zəlzələ ehtimalı ilə bağlı sualları gündəmə gətirib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top