Marketlərdə yenə fırıldaq aşkarlandı: Bu məsələlər kimin xeyrinə həll olunur?

GÜNDƏM 19 avqust 2025, 19:13
"Market vitrini ilə kassa arasında yaranan qiymət fərqi mütləq şəkildə istehlakçının xeyrinə həll edilməlidir". 

Bunu Demokrat.az-a açıqlamasında marketoloq Müşviq İskəndərov deyib.

Onun sözlərinə görə, bəzən ticarət obyektlərində məhsulun vitrindəki kodu ilə kassadakı kod üst-üstə düşmür:

"Bu hal istehlakçının aldadılması kimi qiymətləndirilə bilər və belə vəziyyətlə üzləşən alıcı dövlətin müvafiq qurumlarına müraciət edərək həmin ticarət nöqtəsini şikayət edə və cərimələnməsini təmin edə bilər".

Marketoloq bildirib ki, bir sıra hallarda bu fərqlər qəsdən deyil, texniki səbəblərdən baş verir:

"Məhsulların kodlaşdırılması mərhələli şəkildə aparıldığı üçün vitrinlərdə göstərilən kod bəzən kassada düzgün əks olunmur.
Eyni zamanda kampaniyalar və endirimlər zamanı da belə uyğunsuzluqlar yarana bilər. Amma qanunvericiliyə əsasən, mübahisəli hallarda qərar istehlakçının xeyrinə çıxarılır".

Ekspert qeyd edib ki, vitrində göstərilən qiymətlə kassa arasında fərq olduqda istehlakçı həmin məhsulu vitrindəki qiymətə almaq hüququna sahibdir.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan yoxlama zamanı bəzi supermarketlər şəbəkəsində məhsulların üzərində göstərilən qiymətlərdən baha satılması halları aşkarlanıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avqust 2025, 21:43
Top