"Azərbaycan TDT-nin lokomotivi və regional sülhün müəllifidir" — Deputat

GÜNDƏM 06 oktyabr 2025, 20:08
“Qədim tarixə malik Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının XII Zirvə Toplantısına ev sahibliyi edir. Bu samitin Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyəti var. Çünki Azərbaycan TDT-nin lokomotivi və regional sülhün müəllifidir. 8 avqustda Vaşinqtonda imzalanmış sənədlər TDT üzv ölkələri üçün əməkdaşlığın dərinləşdirilməsi imkanları yaradır. Həm də Azərbaycan dövlətinin beynəlxalq siyasətində TDT-də aktiv olmaq prioritetdir”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, TDT üzv ölkələri böyük iqtisadi potensial, təbii sərvətlər, böyük coğrafiya və demoqrafik artımı özündə birləşdirir:



“Belə ki, TDT üzv ölkələrinin əhalisi 200 milyondan çox, ÜDM 2,1 trilyon dollar, ticarət dövriyyəsi 1,1 trilyon dollardan çoxdur. Amma təəssüf ki, TDT üzv ölkələri arasında ticarət dövriyyəsi ümumi ticarət dövriyyəsinin cəmi 7%-ni təşkil edir. Bu da bizə iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün yeni çağırışları ortaya qoyur”.

Deputat qeyd edib ki, Qəbələdə keçirilən TDT Zirvə Toplantısında Regional sülh və təhlükəsizlik mövzusu ətrafında müzakirələr aparılacaq:

“Narahatedici meyllərin gücləndiyi dünyada sülh və təhlükəsizlik məsələləri birinci yerdə dayanır. Azərbaycanın yaratdığı sülh reallıqları regional təhlükəsizlik üçün yeni üfüqlər açır. Belə ki, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması Asiyadan Avropaya qədər böyük bir coğrafiyada əməkdaşlığı möhkəmləndirir. Bu baxımdan TDT-nin XII Zirvə Toplantısında müzakirə olunacaq məsələlər Türk dünyası arasında hərtərəfli inteqrasiyanı sürətləndirməklə yeni bir qlobal gücün ortaya gəlməsinə töhfə verəcəkdir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top