Abort qadağan edilməlidir — AÇIQLAMA

GÜNDƏM 06 oktyabr 2025, 20:20
“9 ay ərzində 38 min oğlan, 34 min qızın doğulması son dərəcə narahatedicidir. Abortların artması, xüsusilə cins seçiminə görə edilən abortlar, ciddi sosial və mənəvi fəsadlara yol açır”. 

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Mail Yaqub bildirib.

O əlavə edib ki, bu, artıq fərdi deyil, cəmiyyətin problemi halına gəlib.

“Hələ də bəzi insanlar qız uşağını dəyərsiz hesab edir, oğlan uşağını üstün tutur. Bu düşüncə tərzi, təəssüf ki, köhnəlmiş və faciəvi bir stereotipdir. Bu yanaşma həm insanlığa, həm də milli dəyərlərimizə ziddir. Bu artıq nağıl deyil, fərziyyə deyil – faktlardır, statistikadır, rəqəmlərdir. Bu rəqəmlər cəmiyyətimiz üçün SOS siqnalıdır.  Marifləndirmə vacibdir, amma bu işi hər kəsə tapşırmaq olmaz. Bəzən bu sahədə çıxış edən şəxslər özləri düzgün danışa bilmir, fikrini ifadə edə bilmir. Marifləndirmə işini layiqli, səlis nitqi və bilik bazası olan insanlar aparmalıdır. Bu mövzularda maarifləndirmə qadın hüquqları, ailə dəyərləri və insan hüquqları prizmasından izah olunmalıdır”.  

O əlavə edib ki, qız uşağının dəyəri haqqında geniş ictimai müzakirələrə ehtiyac var:

“Mədəniyyət, din və hüquq müstəvisində bu məsələ açıq şəkildə qoyulmalı, qız uşağına dəyər verməyin əhəmiyyəti vurğulanmalıdır. Hüquqi mexanizmlər gücləndirilməlidir. Cins seçiminə görə abortlar ciddi şəkildə qadağan edilməli, nəzarət və cəza mexanizmləri tətbiq olunmalıdır. Belə ki, heç kim bu cür hallara cəsarət edə bilməsin. Bu məsələ təkcə qadınların və ailələrin deyil, bütün cəmiyyətin məsuliyyətidir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 22:30
Top