"Dəhliz Rusiya kimi dövlətin nəzarətinə düşmədi, İran da kənarda qaldı" — AÇIQLAMA

SİYASƏT 12 avqust 2025, 17:36
"Zəngəzur dəhlizinə ("Tramp yolu") istənilən halda hansısa dövlət və kooperasiya nəzarət edəcəkdi. Dəhlizə nəzarət etmək istəyənlər arasında Rusiya ön planda idi. Hətta 10 noyabr Üçtərəfli Anlaşmasında belə bu məsələ qeyd olunmuşdu. Lakin dəhlizə Rusiyanın nəzarət etməsi Azərbaycana, Ermənistana və Türkiyəyə sərfəli deyildi. Azərbaycanla Türkiyənin birgə nəzarəti də mümkün deyildi, çünki Ermənistandakı daxili situasiya buna imkan verəcək məzmunda deyil. Bu baxımdan dəhlizə ABŞ-nin 100 il müddətinə nəzarət etməsi Ermənistanın da, Azərbaycan və Türkiyənin də maraqlarına cavab verir".

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, bu iqtisadi layihədə Azərbaycan və Türkiyənin maraqlarına hər hansı problem mövcud deyil:



"Çünki ABŞ-nin nəzarət edəcəyi 42 kilometrlik hissə Ermənistan ərazisindədir. ABŞ marşrutun Türkiyə və Azərbaycandan keçən hissəsində hər hansı təsir imkanına malik olmayacaq. ABŞ-nin fəaliyyəti yalnız dəhlizin Ermənistan ərazisindəki hissəsində olacaq. Ona görə hesab etmək olar ki, Asiya və Avropanı birləşdirən bu layihə Türkiyə və Azərbaycanın ortaq fəaliyyəti sayəsində reallaşmış olacaq. İndiki situasiya Türkiyə və Azərbaycanın maraqlarına tam cavab verir. Əsas odur ki, dəhliz Rusiya kimi imperialist dövlətin nəzarətinə düşmədi, İran da kənarda qaldı".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top