MTK-dan qanunsuz sənəd tələb edən dövlət qurumu niyə susur?

GÜNDƏM 05 avqust 2025, 11:56
Xəbər verdiyimiz kimi, Binəqədi şossesi 111 ünvanında yerləşən “Azadlıq City” yaşayış kompleksinin sakinləri yaşadıqları mənzilin çıxarışını ala bilmirlər. Binanın tikintisini həyata keçirən MTK-nın rəhbəri Nazim Həsənov isə sakinlərə səbəb olaraq problemin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qaynaqlandığını deyir. Belə ki, Komitə guya sənədlərin qaydasında olmadığı əsasını gətirir.

Demokrat.az
xəbər verir ki, bununla bağlı bir həftədir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə informasiya sorğusu göndərsək də, qurum məsələyə rəsmi cavab vermək istəmir.
Əgər həqiqətən binanı tikən MTK-nın sənədlərində çatışmazlıq varsa, Komitə niyə mövzuya reaksiya verməkdən yayınır? Niyə məsələyə aydınlıq gətirmək istəmir?

Sakinlərlə söhbətimizdə isə bir çox maraqlı məqamlar üzə çıxdı. Onlar deyirlər ki, Komitə “hörmət” qarşılığında binanın altında tikilən obyektlərə göz yumur. Həmçinin, binanın yanında MTK rəhbərinə məxsus “moyka” da tikilib. Əgər binanın sənədlərində problem varsa, necə olur ki, o binanın altında obyektlər tikilməsinə icazə verilir?

MTK rəhbəri Nazim Həsənovun bizə və sakinlərə dediyinə görə, Komitə ondan Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativlər İdarəsindən arayış almasını istəyib. Halbuki, qanunda belə bir arayış yoxdur, ümumiyyətlə, Kooperativlər İdarəsinin bu mövzuda heç bir funksiya və səlahiyyəti yoxdur. Məgər Komitə bunu bilmirmi?

Belə çıxır ki, Komitə sadəcə bəhanələrlə MTK rəhbərini “dağa-daşa salaraq” onun çıxarış üçün rüşvət verməyə vadar olmasını istəyib? İndiki durumda ən məntiqli izah elə budur...

Hər halda, MTK və dövlət qurumunun bu qeyri-müəyyən davranışlarından zərər görən – illərdir çıxarışsız qalan – sakinlərdir.

Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bundan sonra məsələyə rəsmi münasibət bildirəcək və problem öz həllini tapacaq.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top