İlahiyyatçı: “Ehsan vermək İslam mədəniyyətinin dəyəridir”

GÜNDƏM 23 iyul 2025, 18:06
Kürdəmir rayonunda yas məclislərində ehsan verilməsi yığışdırılıb. 

Qeyd edək ki, 10 gün əvvəl Sabirabad şəhəri və kəndlərində də yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilmişdi. 

İlahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Allaha həmd olsun ki, xalqımız hər keçən gün daha da gözəl təşəbbüslərə imza atır:



“Xüsusilə dinimizin mühüm dəyərlərindən sayılan ehsanın mahiyyətinə daha çox diqqət yetirilir. 

Təəssüf ki, uzun illərdir ehsan anlayışı cəmiyyətimizdə sadəcə məclislərdə yemək verilməsi ilə eyniləşdirilib. Halbuki ehsan vermək İslam mədəniyyətinin çox dərin və mənəvi qatlara malik bir dəyəridir. Sevgili Peyğəmbərimiz buyurur ki, "Ehsan – Allahı görürmüş kimi ibadət etməkdir". Bu, sadəcə bir süfrə açmaq deyil, ruhani bir haldır, vicdanla, şəfqətlə, idrakla bağlı bir haldır. 

Son vaxtlar rayonlarımızdan gələn sevindirici xəbərlər onu göstərir ki, insanlar ehsanı mahiyyətinə uyğun yaşamağa başlayıblar”. 

İlahiyyatçı qeyd edib ki, artıq maddiyyatın ön planda olmadığı, mahiyyətin öndə tutulduğu bir yanaşma formalaşır:

“Bu da o deməkdir ki, xalqımız sadəcə forma ilə deyil, işin ruhu ilə yaşayır. Bəzən yanlış olaraq düşünülür ki, bu cür dəyişikliklər dinə ziddir. Xeyr, əksinə, bu cür təşəbbüslər İslamın əsl ruhuna daha yaxındır. 

Yas məclisləri yalnız yeməklə deyil, Quran oxunuşu, dua, nəsihət və milli-mənəvi dəyərlərin təbliği ilə yadda qalmalıdır. Ehsan heç vaxt insanı borca salacaq qədər məcburi bir öhdəlik olmamalıdır. 

Vicdanla edilən, mahiyyətə söykənən bu cür təşəbbüslərin ölkənin dörd bir yanında yayılacağına, daha çox qəbul görəcəyinə inanıram. Bu, xalqımızın idrak və mərhəmət yolunda atdığı çox dəyərli bir addımdır”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyul 2025, 00:27
Top