Çıxarış verilməyən evlər üçün kompensasiya nə vaxt veriləcək? — TƏKLİF

GÜNDƏM 23 iyul 2025, 15:45
"Qanunvericiliyə əsasən, vətəndaşın sağlamlığına və dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyinə təhdid yaradan, tikinti aparılması qanunla qadağan olunmuş ərazilərdə ev tikmək olmaz. Belə torpaq sahələrinə daşınmaz əmlakın hüquqi statusunu təsdiqləyən sənəd, yəni çıxarış verilə bilməz. Çünki həmin ərazilərdə tikinti işləri aparmaq, yaşamaq və ümumiyyətlə torpaq sahibi olmaq hüquqi cəhətdən yolverilməzdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib. 



O bildirib ki, reallıqda bu cür hallar kifayət qədərdir və müvafiq icra orqanlarının gözü qarşısında minlərlə belə ev mövcuddur:

"Yüksək gərginlikli elektrik xətlərinin altında, meşə zolaqlarında, strateji dövlət obyektlərinin yaxınlığında, eləcə də torpaq altından müxtəlif kommunikasiya xətlərinin keçdiyi ərazilərdə evlərin tikilməsi həm qanunsuzdur, həm də təhlükəlidir.

İlk növbədə, bu tip evlərin tam siyahıya alınması təmin olunmalıdır. Azərbaycan vətəndaşlarının Konstitusiya ilə qorunan yaşamaq və mülkiyyət hüquqları var. Dövlət, həmin şəxslərin əmlak hüquqlarını tanımalı, müvafiq kompensasiya mexanizmlərini tətbiq etməli və onları qanuni yaşayış sahələri ilə təmin etməlidir".

Ekspert deyib ki, alternativ olaraq, kompensasiya verilməsi və ya evlərin yaxınlığında, lakin hüquqi statusu olan ərazilərdə torpaq sahələrinin ayrılması mümkündür:

"Əgər problem geniş miqyaslıdırsa, söhbət tək-tük fərdi hallardan deyil, yüzlərlə evdən gedirsə, o zaman yüksək gərginlikli elektrik və kommunikasiya xətlərinin köçürülməsi daha məqsədəuyğun həll variantı kimi dəyərləndirilə bilər.

Bu mərhələdə qiymətləndirmə aparılmalı və qərar verilməlidir ki, infrastrukturu köçürmək daha rasionaldır, yoxsa təhlükəsizlik və hüquqi məsələlər həll olunaraq insanların həmin ərazilərdə yaşaması təmin edilməlidir?

Əgər vətəndaş uzun illərdir həmin ərazidə yaşayır və kommunal xidmətlərdən istifadə edirsə, bu gün həmin torpaq sahəsini “qanunsuz” elan edib evini əlindən almaq, sosial dövlət prinsipləri ilə uzlaşmır. Əminik ki, Azərbaycan dövləti bu məsələdə də humanist yanaşacaq və vətəndaşların alternativ yaşayış sahələri ilə təmin olunması üçün zəruri addımlar atacaq".

Qeyd edək ki, qanuna əsasən, təhlükəli ərazidə tikilən qanunsuz evlərə çıxarış verilməyəcək.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
Top