"Avropada avtobus sürücüləri daha az işləməklə qat-qat çox əməkhaqqı alırlar" — Ekspert

SOSİAL 22 iyul 2025, 15:53
"İctimai nəqliyyat sahəsində müəyyən tənzimləmələr və islahatlar aparılır.

Avtobuslarla bağlı vəziyyət bir qədər fərqlidir. Çünki hər bir avtobusun alınması və mütəxəssisin cəlb edilməsi zaman və resurs tələb edən bir prosesdir".

Bu sözləri Demokrat.az-a açıqlamasın nəqliyyat eksperti İlqar Hüseynli deyib. 

O bildirib ki, avtobus sürücülərinin etik davranışı ilə bağlı ciddi işlər görülməlidir:

"Xüsusilə, onların mütəmadi olaraq davranış qaydaları ilə bağlı təlimlərə cəlb olunması və bu sahədə peşəkarların iştirakı vacibdir. Azərbaycanda bu sahədə yaranan əsas problemlərdən biri odur ki, avtobus idarə edən peşəkar və təlim keçmiş sürücülərin sayı kifayət qədər deyil.

Eyni zamanda ümumi sürücü çatışmazlığı müşahidə olunur. Çox zaman biz bu məsələyə sərnişinlərin baxış bucağından yanaşırıq, amma sürücülərin şəraitini də nəzərə almaq lazımdır. Onların da istirahət hüququ, fasilə etmək, çay içmək, yemək yemək kimi ehtiyacları var".

Ekspert bildirib ki, köhnə avtobusların yenilənməsi isə daşıyıcı şirkətlərin öhdəliyindədir:

"Bununla yanaşı, növbəli iş sistemi tətbiq olunmalıdır. Məsələn, inkişaf etmiş Avropa ölkələrində sürücülər stabil maaş alır və üç gündən bir işə çıxırlar. Yəni bir marşrut xəttində sürücü bir gün işləyir, iki gün isə dincəlir. Üstəlik, onlar bizim sürücülərlə müqayisədə qat-qat yüksək əməkhaqqı alırlar. Azərbaycanda isə sürücü qıtlığı səbəbilə az maaşla, gündəlik və fasiləsiz iş rejimində çalışmaq məcburiyyətində qalırlar.

Bu asılılıq vəziyyətindən çıxmaq üçün əsaslı islahatlara ehtiyac var. Bildiyiniz kimi, COP29 ərəfəsində Azərbaycan 100 ədəd elektromobil avtobus alıb. Bu proses davam etdirilir. Artıq yeni avtobus zavodunun tikintisinə qərar verilib və tezliklə elektrik mühərrikli avtobusların yerli istehsalı başlayacaq. Avtoparklar da yenilənməlidir".

O qeyd edib ki, bütün bu addımlar islahatların bir-birini tamamlayan zəncirvari sistem şəklində həyata keçirilməsini tələb edir:

"Məsələn, əvvəllər taksi xidmətində daha çox köhnə modellər – “Prius” və s. istifadə olunurdusa, indi tədricən BYD kimi daha müasir, elektrik mühərrikli və çevik nəqliyyat vasitələrinin sayı artır. Bu dəyişikliklər ümumilikdə xidmət sektorunda öz müsbət təsirini göstərməkdədir.

Artıq yeni avtobuslar istifadəyə verilib və sərnişinlər daha az gözləyir, yollarda az vaxt itirirlər. Bəzən xidmətə mane olan hallar olsa da, ümumilikdə avtobus nəqliyyatı sahəsində islahatlar aparılır və bu istiqamətdə işlər davam edir.
Düşünürəm ki, əgər biz hələ də sükan arxasında yemək yeyən, çay içən sürücüləri görürüksə, bununla bağlı ictimai reaksiya bildirməliyik. Maarifləndirmə işində sərnişinlər də fəal iştirak etməlidir.
Hər bir sərnişin bu prosesin bir iştirakçısına çevrilməlidir. İnanıram ki, zamanla bu problemlər öz həllini tapacaq".

Qeyd edək ki, Bakıda avtobus sürücülərindən birinin sükan arxasında içki içməsini əks etdirən görüntülər yayılıb. 



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top