Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı

GÜNDƏM 22 iyul 2025, 19:36

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb, 1500-dən çox tələbə ali təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək üçün müraciət edib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, 2025–2026-cı tədris ili üzrə tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu 15-22 iyul tarixlərində portal.edu.az platforması üzərindən həyata keçirilib.

Hazırda köçürülmə prosesinin növbəti - müəssisə tərəfindən qiymətləndirmə mərhələsi başlayıb. Bu mərhələdə təqdim edilmiş müraciətlər təhsil müəssisələri tərəfindən araşdırılır və müvafiq qərarlar qəbul edilir.

Təhsil müəssisəsi tərəfindən müsbət qərar verildiyi halda, tələbənin şəxsi kabinetində “Təsdiq et” və ya “İmtina et” düymələrindən birini seçməsi tələb olunur. Tələbə “Təsdiq et” düyməsini seçərək yerdəyişməyə razılıq verdiyi halda, proses rəsmiləşdirilmiş hesab olunur. Əks halda, müraciət qüvvədən düşür.

Bu səbəbdən tələbələrə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri tövsiyə olunur.

Qeyd edək ki, imtina cavabı alan şəxslər nəticələrin elan edilməsindən sonra 2 təqvim günü ərzində apellyasiya müraciəti təqdim edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top