Bakıda “kazak kəndi” sökülür

SOSİAL 22 iyul 2025, 11:28
Bakının Binəqədi rayonunda yerləşən, tarixə “Xutor” adı ilə düşmüş yaşayış məhəlləsində söküntü işlərinə hazırlıq gedir. Artıq rəsmi qurumların nümayəndələri əraziyə baxış keçirib, Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işlərinə start verilib.

Sakinlərə bildirilib ki, ərazidə söküntü planlaşdırılır, lakin hələlik kompensasiya məbləği barədə onlara heç bir məlumat verilməyib. Prosesin ilkin mərhələsi olduğu üçün hazırda yalnız ölçmə işləri aparılır.

Demokrat.az xəbər verir ki, bu hadisə Bakıda illərdir davam edən, amma tam başa çatmayan geniş bir transformasiyanın - köhnə məhəllələrin sökülərək şəhər nəqliyyatının və infrastrukturun rahatlaşdırılması planlarının davamı kimi görünür.
 
“Xutor” sözü əslində rus mənşəlidir və kiçik kazak kəndi, təsərrüfatı anlamına gəlir. Bakının Binəqədi rayonu ərazisindəki bu məhəllə də vaxtilə Qafqaza köçürülmüş kazakların və digər rus icmalarının məskunlaşdığı yerdən miras qalıb. Əsrlərdir mövcud olan bu məhəllələr indi artıq şəhərin böyüyən infrastrukturunun tələblərinə cavab vermir və sovet dövründən qalmış plansız küçələr, dar yollar park problemini daha da dərinləşdirir.

Son illərdə Bakıda tıxac problemi şəhərin ən ciddi problemlərindən birinə çevrilib. Statistika göstərir ki, paytaxt küçələrində hər il avtomobillərin sayı orta hesabla 30-50 min artır. Ancaq küçə və yol şəbəkəsi, demək olar ki, dəyişməz qalır.

“Xutor” və “Sovetski” kimi ərazilərin sökülməsi yeni binalar üçün yox, əsasən yolların genişləndirilməsi, nəqliyyat axınının rahatlaşdırılması məqsədi daşıyır. Sovetskidə həyata keçirilən layihədə də eyni məntiq tətbiq olunmuşdu - dar və dolaşıq küçələr sökülərək geniş prospektlər salındı, əhali isə köçürüldü.

Burada bir mühüm sual yaranır: əgər söküntülər yolları genişləndirmək üçündürsə, niyə bu qədər uzun çəkir və nəticəsi bəzən gözləniləndən daha az olur?

Ekspertlər deyirlər ki, problemin kökündə yalnız yolun darlığı deyil, şəhərsalma strategiyasının və ictimai nəqliyyatın zəifliyi də dayanır. Köhnə məhəllələrin sökülməsi şəhərə vizual olaraq nəfəs versə də, əgər paralel olaraq avtobus xətləri, metro şəbəkəsi, dayanacaq mədəniyyəti inkişaf etdirilmirsə, tıxac problemi həll olunmur - sadəcə, daha geniş küçələrdə daha çox avtomobil yığılır.
 
“Xutor”un sökülməsi Bakının tarixi ilə müasir tələbləri arasında olan ziddiyyəti bir daha üzə çıxarır. Bir tərəfdə şəhərin nəfəs almağa ehtiyacı, daralan yollar, tıxaclar var. Digər tərəfdə isə illərlə məskunlaşmış icmalar, həyat hekayələri və şəhərin unikal ruhunu qorumaq arzusu dayanır.

Bakının gələcəyini planlayanlar üçün əsl məsələ budur: şəhəri həm genişləndirmək, həm də onu sadəcə asfalt və daşlardan ibarət olmayan canlı bir orqanizm kimi qoruyub saxlamaq. “Xutor”un taleyi isə bu suallara necə cavab veriləcəyini göstərəcək. (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyul 2025, 15:57
Top