Azərbaycan-Türkmənistan əməkdaşlığı gələcək üçün nə vəd edir? — AÇIQLAMA

GÜNDƏM 22 iyul 2025, 15:00
"Azərbaycan-Türkmənistan əməkdaşlığı Avrasiya regionu üçün mühüm geosiyasi və geostrateji əhəmiyyətə malikdir. Bu, xüsusilə Çinlə Avropa arasında İpək yolu boyunca uzanan böyük əməkdaşlıq xəttinin davamlılığı və gələcəyi baxımından vacibdir. Həmin xətt Azərbaycan və Türkmənistandan keçməklə regionda strateji əlaqələrin möhkəmlənməsinə töhfə verir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

"Doğrudur, bu əməkdaşlıq hal-hazırda da mövcuddur. Lakin Türkmənistan uzun illər müəyyən səbəblərə görə həm ümumtürk inteqrasiyasından, həm də Mərkəzi Asiya–Azərbaycan əməkdaşlığından bir qədər kənarda qalıb. Bu illər ərzində Avropanın enerji təhlükəsizliyi və enerji tələbatının ödənməsi baxımından Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlıq mühüm əhəmiyyət daşıyıb. Türkmənistanın bu proseslərə daha aktiv qoşulması hər zaman arzu olunub".

O bildirib ki, son dövrlərdə isə Türkmənistan bu əməkdaşlığın strateji əhəmiyyətini və Avrasiya enerji siyasətinə verə biləcəyi töhfəni daha dərindən anlamağa başlayıb:

"Azərbaycanın Türkmənistanı Avrasiya enerji proseslərinə cəlb etmək istiqamətində illərlə apardığı səylər var. Xüsusilə Transxəzər qaz kəməri layihəsi ilə Türkmənistan qazının Avropaya nəqli üçün dəfələrlə təşəbbüslər göstərilib. Azərbaycanın bu məsələ ilə bağlı mesajları beynəlxalq tribunalarda səsləndirilib və bu əməkdaşlığın Avrasiyanın enerji xəritəsini zənginləşdirəcəyi vurğulanıb.

Lakin Türkmənistan uzun müddət qazını əsasən Çinə və Rusiyaya ixrac etməkdə maraqlı olub. Ukrayna müharibəsi və onun yaratdığı nəticələr, o cümlədən Rusiyaya ixracda yaranan çətinliklər fonunda Türkmənistan artıq alternativ yollar axtarmağa başlayıb. Bu da Azərbaycanın infrastrukturuna və tranzit imkanlarına marağı artırıb".

O qeyd edib ki, əgər 15–20 il əvvəl Azərbaycanın təklif etdiyi Transxəzər qaz kəməri layihəsi reallaşsaydı, bu gün Türkmənistan qazı Avropaya daha tez çatdırıla bilərdi:

"1999-cu ildə Azərbaycan, Türkiyə və Türkmənistan arasında bu layihə ilə bağlı bəyannamə imzalanmışdı, lakin sonradan irəliləyiş dayanmışdı.

Hazırda Türkmənistan Avrasiya enerji bazarına inteqrasiya baxımından Azərbaycanın roluna daha ciddi yanaşır. Azərbaycanın bu əməkdaşlığa açıq və təşəbbüskar mövqeyi, xüsusilə də geniş enerji infrastrukturu imkanları bu prosesin inkişafına töhfə verə bilər. Yaxın gələcəkdə bu əməkdaşlığın daha böyük nəticələr doğuracağı gözlənilir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top