Azərbaycanda aliment fondu yaradıla bilər? — Hüquqşünas RƏYİ

SOSİAL 08 iyul 2025, 19:11
Aliment məsələsi günümüzün ən çox müzakirə olunan mövzularındandır. Çünki boşanmalar çoxaldıqca aliment məsələsi də problemə çevrilir. Bir çox valideynlər müəyyən səbəblərdən aliment ödəyə bilmir. Problemin həlli üçün müxtəlif variantlar təklif edilir. Son günlər sosial şəbəkələrdə müzakirələr aparılır ki, “uşaq pulu”nun verilməsi bəzi imkansız valideynləri aliment yükündən azad edə bilər.

Hüquqşünas Tural Qasımov Demokrat.az-a açıqlamasında deyib ki, aliment məsələsi günümüzdə ən çox müzakirə olunan hüquqi-sosial mövzulardan biridir:

“Sosial şəbəkələrdə zaman-zaman səsləndirilən fikirlərdən biri də budur ki, dövlət tərəfindən verilən “uşaq pulu” bəzi imkansız valideynləri aliment ödəməkdən azad edə bilər. Hüquqşünas mövqeyindən baxdıqda bu yanaşma hazırkı qanunvericiliklə mümkün deyil. Aliment valideynin qanunla müəyyən olunmuş şəxsi öhdəliyidir və birbaşa olaraq uşağın saxlanması məqsədi daşıyır. 
Uşaqpulu isə dövlətin sosial yardım mexanizmidir və alimenti əvəz etmir. Alimentin ödənilməməsi yalnız məhkəmənin əsaslı qərarı ilə  məsələn, valideynin gəlirinin və ya əmək qabiliyyətinin olmaması hallarında müstəsna olaraq nəzərə alına bilər. 

Dövlət isə valideynin bu borcunu öz üzərinə götürmür və uşaq pulunu alimentin alternativi kimi təqdim etmir. Bu baxımdan, problemin həlli kimi aliment fondu modelinə keçid, ödənişlərin dövlət tərəfindən təmin edilməsi və sonradan borclu valideyndən geri alınması kimi mexanizmlər daha real və hüquqa uyğun yanaşmalardır”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top