
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbul-görüşlərin keçirilmə məqsədi sakinlərin problemlərini dinləmək və həll edilməsini təmin etməkdir.
Demokrat.az xəbər verir ki, bununla əlaqədar olaraq, təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.
25 iyun 2025-ci il tarixdə Hacıqabul rayonunun Ağacanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib. Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.











