Xaricdə oxuyan azərbaycanlı tələbələrin köçürülməsinə süni problem yaradılır?

GÜNDƏM 20 iyun 2025, 14:08
Xarici universitetlərdə təhsil alan və ölkəyə köçürülmək istəyən tələbələrin işləri çətinə düşüb.

Belə ki, övladı Türkiyədə təhsil alan valideyn Oxu.Az-a müraciət edərək bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qismən akademik tanınma şəhadətinin verilməsi üçün son müraciət tarixinin 30 iyuna qədər müəyyənləşdirilməsi problem yaradır.

"Övladım Türkiyənin İzmir şəhərində təhsil alır. Onun imtahan nəticələri 10 iyul tarixində elan olunacaq. 2025-ci il üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qərarına əsasən, xarici universitetlərdən Azərbaycana köçürülmək istəyən tələbələr 30 iyun tarixinə qədər imtahan nəticələrini təqdim etməlidirlər. Həmin tarixə qədər TKTA-dan qismən akademik tanınma şəhadətnaməsi alınmadığı təqdirdə tələbələr Azərbaycana köçürülmə sisteminə müraciət etmək hüququndan məhrum qalırlar. Agentliyin bu qərarı dəyişdirilsə və ya təqdimetmə tarixi uzadılsa, bütün tələbələr bərabər imkanlardan istifadə edə bilərlər. Bu, təhsil sistemimizin daha ədalətli və şəffaf olmasına kömək edər".

Xatırladaq ki, ötən il Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tələbələrin köçürülmə prosesinə qeydiyyatı iyulun 25-dən iyulun 31-dək aparıb. TKTA isə iyulun 29-na qədər qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən şəxslərin müraciətlərini qəbul edib.

Maraqlıdır, bəs görəsən, cari il üçün tələbələrə veriləcək qismən akademik tanınma şəhadətnaməsini əldə etmək üçün qoyulan son müraciət tarixinin vaxtı uzadılacaqmı?

TKTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, EATDA tələbələrin köçürülməsi prosesinin başlanması müddətini uzadacağı təqdirdə qismən akademik tanınma şəhadətnaməsinin əldə olunması üçün son müraciət tarixi də uzadılacaq:

"Tələbələrin köçürülməsi (transfer) məsələsi ilə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi məşğul olur. TKTA isə yalnız köçürülmək istəyən tələbələrə qismən akademik tanınma şəhadətnaməsi verir. Sözügedən şəhadətnamə vətəndaşlara təqdim edildikdən sonra bu sənəd əsasında onlar EATDA-ya müraciət edirlər. Bundan sonra transfer prosesi başlayır. EATDA transfer məsələsi ilə birbaşa məşğul olan qurum olduğu üçün bizdən qismən akademik tanınma şəhadətnaməsinin verilməsini tələb edir, biz də transfer üçün qeydiyyat açılan müddətə qədər bu prosesi yekunlaşdırmalı, müraciət edən vətəndaşların ekspertizasını aparmalıyıq.

EATDA tələbələrin köçürülmə tarixini açıqladıqdan sonra bu müddəti uzadarsa, biz də qismən akademik tanınma şəhadətnaməsinin verilməsi ilə bağlı son müraciət tarixini uzadacağıq".

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xarici təhsil müəssisələrində imtahan nəticələri fərqli vaxtlarda elan olunur. Buna baxmayaraq, tələbələrin yerdəyişməsi prosesinin çevikliyini, səmərəliliyini təmin etmək və yeni tədris ili başlayana qədər prosesi başa çatdıra bilmək üçün bu il sözügedən prosesin önə çəkilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top