"Şeyx yas mərasimlərində ehsan verilməməsi ilə bağlı fətva versin" — Deputatdan TƏKLİF

GÜNDƏM 20 iyun 2025, 15:43
"Azərbaycanda yas mərasimlərinin aşırı təmtəraqla verilməsi uzun müddətdir ki, cəmiyyətdə müzakirə mövzusudur və hər birimizi narahat edən məsələlərdən biridir. Təəssüf ki, illərdir bu zərərli vərdişdən əl çəkə bilmirik. Əslində, hamımız bilirik ki, bu nə dinimizə, nə də adət-ənənəmizə uyğundur".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

Deputat bildirib ki, bəzi bölgələrdə yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı qərarlar verilib və bu təqdirəlayiqdir:

"Amma bütövlükdə, xüsusən iri şəhərlərdə bu sahədə yekdil qərar yoxdur. Hamı yas sahibinə düşən maddi yükdən şikayətlənir, amma ilk addımı atmaq istəmir. Bu səbəbdən də görünən odur ki, yas mərasimlərinin təmtəraqla keçirilməsi imperativ qaydada qadağan edilməlidir.

Çox istərdik ki, hörmətli şeyximiz də bununla bağlı fətva versin. Çünki bu, artıq bəzi insanlar üçün biznesə çevrilib. Şadlıq evlərinin bir çoxu indi xeyr-şər evi kimi fəaliyyət göstərir və bu, gəlir mənbəyi kimi istifadə olunur. Amma yas sahibləri üçün bu, ciddi maliyyə yükü yaradır".

Onun sözlərinə görə, çay süfrəsi ilə kifayətlənmək daha münasibdir:

"Qənd, konfet və digər yüngül menyularla sadə şəkildə mərasim keçirmək daha uyğundur. Toy süfrəsinə bənzər menyular yas məclisinə uyğun deyil və cəmiyyətdə də yaxşı qarşılanmır.

Nəticə olaraq, bu məsələdə imperativ qərarlar verilməli, dini baxımdan da dəstək göstərilməlidir".

Qeyd edək ki, daha bir bölgəmizdə yas mərasimində ehsan verilməsi qadağan edilib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top